Rahatlığını karyerasına fəda edən gəmiçi xanım: “Kapitan köməkçisi kimi ilk səfərim çox çətin idi” – MÜSAHİBƏ
Bəzi insanlara elə bir yol nəsib olur ki, onların seçdiyi istiqamət sonrakı nəsillər üçün nümunəyə çevrilir.
Azərbaycanın ilk qadın gəmi kapitanı Şövkət Səlimova da belə şəxsiyyətlərdən biridir. Onun həyat yolu bir çox qadının çətin və məsuliyyətli peşələrdən olan dənizçiliyi seçməsinə ilham verib.
Müsahibimiz Nuranə Əkbərova da həmin xanımlardan biridir. O, qarşısına çıxan çətinliklərə baxmayaraq, dənizçi olmağı seçib. Bir müddət əvvəl onunla keçirdiyimiz müsahibədə Nuranə xanım matros kimi çalışırdı. Bu gün isə o, gəmi kapitanının üçüncü köməkçisi vəzifəsində fəaliyyət göstərir. Onun vəzifə yüksəlişi Azərbaycanın ilk qadın gəmi kapitanı Şövkət Səlimovaya həsr olunmuş “Şövkət” filminin təqdimatında elan edilib. Biz də səbrsizliklə bu məsuliyyətli vəzifədə ilk səfərindən sonra təəssüratlarını öyrənməyə çalışdıq. Kişilərin belə çətinliyi nəzərə alıb tərəddüd etdiyi bir sahədə gənc bir xanımın irəli çəkilməsi təqdir olunası haldır.
1news.az Nuranə Əkbərova ilə müsahibəni təqdim edir:
- Nuranə xanım, ilk olaraq sizi təbrik edirik. Bir neçə ay əvvəl sizinlə müsahibə etmişdik və o zaman siz gəmidə matros kimi çalışırdınız. Bu gün isə qarşımızda gəmi kapitanının üçüncü köməkçisi kimi dayanırsınız. Üstəlik, vəzifənizin artırılması xəbəri ASCO sədri Rauf Vəliyev tərəfindən Azərbaycanın ilk qadın gəmi kapitanı Şövkət Səlimovaya həsr olunan filmin təqdimatında elan edildi. Bu xəbəri böyük auditoriya qarşısında almaq sizdə hansı hisslər yaratdı?
- Çox təşəkkür edirəm. Açığı, bu qərarı gözləmirdim. Təqdimata xanım dənizçi kimi dəvət almışdım və sadəcə tədbirdə iştirak etməyi planlaşdırırdım. Ona görə də vəzifəmin artması xəbərini böyük auditoriya qarşısında eşitmək mənim üçün həm qürurverici, həm də çox həyəcanlı bir an oldu.
Hazırda üzən heyətdə xanımların sayı çox azdır və bu məsuliyyətin mənə həvalə olunması gələcək xanım dənizçilər üçün də mühüm bir mesajdır. Bu etimad təkcə mənə yox, dənizçilik sahəsində çalışan bütün qadınlara verilən dəyərin göstəricisidir.
ASCO rəhbərliyinə, xüsusilə də hörmətli sədrimiz Rauf Vəliyevə göstərilən etimada görə bir daha təşəkkür edirəm. Ümid edirəm ki, bu addım dənizçilik sahəsində çalışmaq istəyən daha çox xanıma ilham verəcək.
- Kapitanın üçüncü köməkçisi kimi gəmidəki əsas vəzifələriniz və məsuliyyətləriniz nələrdir?
- Mən gəmidə kapitanın üçüncü köməkçisi olaraq çalışıram. Bu vəzifədə səhər saat 08:00–12:00 və axşam 20:00–24:00 növbəsində oluram. Növbə zamanı kapitanın ardından gəmidə baş verən bütün proseslər, hadisələr və ümumi vəziyyətin məsuliyyəti mənim üzərimə düşür.
Üçüncü köməkçi həmçinin xəritələrin hazırlanması və yenilənməsi, limana giriş-çıxış üçün sənədlərin tərtibi, reys və səfər planlarının hazırlanması, xəritələrdə düzəlişlərin aparılması və bəzi jurnal qeydlərinin yazılması kimi işlərə cavabdehdir. Gəmidəki müəyyən pirotexnikalar da üçüncü köməkçinin məsuliyyətinə daxildir və həmin avadanlıqlara məhz o nəzarət edir.
- İlk səfər təcrübəniz necə keçdi? İlk reysiniz hara idi?
- Yeni vəzifəmdə ilk reysim mənim üçün doğma olan “Zərifə Əliyeva” Ro-Pax tipli gəmi-bərədə Qazaxıstana oldu. Çətin, məsuliyyətli və eyni zamanda həyəcandan dolu bir təcrübə idi. İlk dəfə olduğu üçün müəyyən çətinliklər yaşadım, lakin qısa zamanda işin ritminə uyğunlaşdım.
Kapitan, baş köməkçi və ikinci köməkçi daim yanımda oldular. N nəyi bilmirdimsə ətraflı izah etdilər, hərəkət bölməsində işləyərkən hər zaman yanımda olub məni istiqamətləndirdilər. Yuxusuzluq və gərginlik olsa da, onların dəstəyi sayəsində ilk reysimi uğurla başa vurdum.
- Dənizçilik sahəsində gələcək karyera planlarınız nələrdir?
- Hazırkı məqsədim yalnız bu gəmidə təcrübə toplamaqla kifayətlənməməkdir. Gələcəkdə Qara dənizdə üzən “Aframax” tipli tankerlərdə və “Handysize” tipli quru yük gəmilərində çalışmaq istəyirəm. Bir neçə reyslik praktikadan sonra, nəsib olsa, xarici sularda fəaliyyət göstərən həmin gəmilərdə işləməyi hədəfləyirəm. Ən böyük arzularımdan biri isə kapitan vəzifəsinə qədər yüksəlməkdir.
- Daha yaxşı mövqeyə yüksəlmək üçün insan daim öz üzərində işləməlidir. Siz gəmidə işləyərkən bilik və bacarıqlarınızı necə inkişaf etdirirsiniz?
- Praktika bizim sahədə ən vacib amildir. Hazırda çox savadlı heyətlə və təcrübəli kapitanla çalışıram və onlardan hər gün yeni biliklər öyrənirəm. Boş vaxtlarımda ixtisasımla bağlı kitablar oxuyur, sahə biliklərimi artırıram. Eyni zamanda ingilis dili biliklərimi də inkişaf etdirməyə başlamışam. Çünki gələcəkdə xarici sulara çıxanda ingilis dili mənim üçün mütləq lazım olacaq.
- Gəmidə çalışmaq həm fiziki, həm də mənəvi baxımdan çətin bir prosesdir. Üstəlik, bir xanım olaraq bu yolda irəliləmək daha çox səylər tələb edir. Bu sahədə irəliləmək üçün hansı şəxsi fədakarlıqları etmisiniz?
- Karyeramda irəliləmək üçün müəyyən fədakarlıqlar etmişəm. Uzun müddət ailədən uzaq qalmaq, rahat həyatdan kənarlaşmaq kimi çətinlikləri qəbul etmişəm. Çünki qarşıma qoyduğum əsas məqsəd irəli getmək, peşəkar yüksəlişə nail olmaq və gələcəkdə kapitan olmaqdır.
Bu yolu seçəndə hər şeyin asan olmayacağını bilirdim. Bir çox insanın daha rahat işi və həyatı var, lakin mən həmin rahatlığı bir kənara qoyub bu çətin yolu seçmişəm. Ailəmdən uzaq qalmaq da daxil olmaqla bütün çətinlikləri gözə alaraq bu sahədə inkişaf etməyə çalışıram.
Əminəm ki, davamlı çalışmağımla məqsədlərimə çatacağam. Həm dərs, həm iş baxımından dayanmadan çalışıram və irəliləmək üçün lazım olan hər bir fədakarlığı etməyə hazıram.






