“Vaşinqton görüşü bir sıra siyasi və strateji mesajların dünyaya çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir” - Deputatdan ŞƏRH | 1news.az | Xəbərlər
Siyasət

“Vaşinqton görüşü bir sıra siyasi və strateji mesajların dünyaya çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir” - Deputatdan ŞƏRH

Qafar Ağayev11:30 - Bu gün
“Vaşinqton görüşü bir sıra siyasi və strateji mesajların dünyaya çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir” - Deputatdan ŞƏRH

“Cənubi Qafqaz regionunda son aylarda müşahidə edilən intensiv diplomatik fəallığın ən mühüm hadisələrindən biri ABŞ paytaxtı Vaşinqtonda keçirilən üçtərəfli görüş olub”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Şahin Seyidzadə bildirib.

“Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan nümayəndə heyətinin və ABŞ rəhbərliyinin iştirakı ilə baş tutan müzakirələr təkcə regionda deyil, beynəlxalq miqyasda da mühüm rezonans doğurub”.

Deputatın sözlərinə görə, Vaşinqton formatında keçirilmiş görüş bir sıra siyasi və strateji mesajların dünyaya çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edib:

“Cənubi Qafqazda münaqişə risklərinin qarşısının alınması yalnız diplomatik vasitələrlə mümkündür. Bu danışıqlar silahlı eskalasiyanın diplomatiya qarşısında mənasız olduğunu göstərdi. Sülh prosesi yalnız regional mexanizmlərlə məhdudlaşmır. ABŞ kimi beynəlxalq nüfuza malik dövlətlərin iştirakı prosesin dayanıqlığını artırır”.

Şahin Seyidzadə qeyd edib ki, görüşdə iqtisadi əməkdaşlıq, nəqliyyat-kommunikasiya layihələri və enerji təhlükəsizliyi məsələləri sülh gündəliyinin ayrılmaz hissəsi kimi təqdim olunub.

“Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması barədə əldə edilən razılıq münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyir. Bu status bölgəyə bir sıra üstünlüklər qazandıracaq. Azərbaycanın enerji resurslarının ABŞ və Qərb bazarlarına etibarlı çıxışı təmin olunacaq, Avropanın enerji şaxələndirməsinə töhfə veriləcək, ABŞ şirkətlərinin Azərbaycan iqtisadiyyatına, xüsusən də yüksək texnologiya və innovasiya sektorlarına marağı artacaq”.

Deputat bildirib ki, ABŞ-nin prosesdə iştirakı bölgədə güc balansının qorunmasına və Azərbaycanın diplomatik mövqelərinin möhkəmlənməsinə xidmət edəcək.

”Sülh müqaviləsinin paraflanması uzun illər davam edən nəticəsiz yanaşmalara son qoyaraq, prosesi konkret razılaşmalar əsasında davam etdirməyə imkan yaradıb”.

Zəngəzur dəhlizinə də toxunan Seyidzadə qeyd edib ki, bəzi qonşu ölkələr, xüsusilə Ermənistan, dəhlizin açılmasına qarşı siyasi təhdidlər irəli sürsələr də, ABŞ Prezidenti Donald Tramp Vaşinqton müzakirələrində bu məsələdə qəti mövqe nümayiş etdirib: “Tramp bəyan etdi ki, dəhlizin açılması region xalqları üçün iqtisadi rifah, qarşılıqlı asılılıq və uzunmüddətli sabitlik gətirəcək. Layihəyə qarşı çıxan qüvvələr əslində özlərini iqtisadi və siyasi təcrid vəziyyətinə salırlar. Dəhlizin “Tramp yolu” adlandırılması strateji məna daşıyır və Vaşinqtonun layihəyə açıq siyasi dəstəyini ifadə edir. Bu ad layihənin qlobal miqyasda tanınmasına, beynəlxalq investorların diqqətini cəlb etməsinə xidmət edəcək”.

Ş.Seyidzadə yekun olaraq bildirib ki, Vaşinqton görüşü Azərbaycan–ABŞ münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən, regionun sülh və əməkdaşlıq gündəliyinə güclü impuls verən tarixi hadisə kimi yadda qalacaq.

Paylaş:
96

Son xəbərlər

Bütün xəbərlər