Rezidenturaya qəbul olmaq üçün 175 namizəd ixtisas seçimi edib

Rezidenturaya ixtisas seçimi davam edir.
Dövlət İmtahan Mərkəzindən 1news.az-a bildirilib ki, avqustun 15-i saat 16:55-ə olan məlumata görə 175 nəfər (Azərbaycan bölməsi - 126; rus bölməsi - 49) ixtisas seçimi edib.
İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Mərkəz tərəfindən müəyyən edilmiş müsabiqə şərtini ödəyən – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında 50 və daha çox bal toplayan namizədlər buraxılırlar.
Müsabiqəyə buraxılan namizəd bitirdiyi baza ali tibb təhsili istiqamətinə uyğun ixtisasları seçir, sonra onların kodlarını öz elektron ərizəsindəki ixtisas seçimi formasına istədiyi ardıcıllıqla daxil edib təsdiqləyir. Seçilmiş ixtisasların ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı əsas kimi götürülür və namizəd qəbul imtahanında topladığı bala əsasən müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir.
Avqustun 10-da keçirilmiş imtahanda iştirak edən 901 namizəddən 610 nəfəri müsabiqə şərtini ödəyərək (50 və daha çox bal toplayaraq) ixtisas seçiminə buraxılıb.
İxtisas seçimi avqustun 17-dək davam edəcək.