“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılır | 1news.az | Xəbərlər
Rəsmi

“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılır

Qafar Ağayev11:43 - Bu gün
“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılır

Prezident İlham Əliyev dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.

1news.az xəbər verir ki, Fərmana əsasən, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinə aid sahələrin, o cümlədən büdcə, vergi, gömrük, dövlət rüsumu, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üzrə dividendlərin və digər büdcə daxilolmalarının, habelə audit, mühasibat uçotu (o cümlədən dövlət maliyyə və qeyri-maliyyə aktivlərinin uçotu), dövlət maliyyə nəzarəti, dövlət xəzinədarlığı, dövlət borcu sahələrinin və maliyyə öhdəliklərinin səmərəli idarə edilməsi məqsədilə “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılır.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təklifləri əsasında dövlət orqanlarının (qurumlarının), dövlət büdcəsindən maliyyə vəsaiti alan dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər təşkilatların maliyyə sənədlərinin elektron qaydada mübadiləsinin təmin edilməsi üçün üç ay müddətində zəruri tədbirlər görmək, bu Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Maliyyə Nazirliyi:

aşağıdakılarla bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

bu Fərmanın 1-ci, 3-cü, 4-cü və 6-cı hissələri nəzərə alınmaqla, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının təkmilləşdirilməsi;

bu Fərmanın 1-ci hissəsi ilə yaradılan “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin əsasnaməsinin layihəsi;

dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili qaydalarının layihəsi;

dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsi və dividend siyasətinin ümumi parametrləri;

dövlət vəsaitindən istifadə üzrə maliyyə qaydalarının pozulması və bu vəsaitdən təyinatı üzrə istifadə edilməməsi hallarına görə məsuliyyətin təkmilləşdirilməsi;

2026-cı ildən etibarən, bu Fərmanın 3.1.3-cü yarımbəndində nəzərdə tutulan qaydalara uyğun olaraq, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli büdcə layihələrinin və proqnozlarının, habelə illik gəlir və xərclər smetalarının icra vəziyyətinin monitorinqini həyata keçirsin və icra göstəricilərini təhlil edərək nəticələri barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin;

dövlət orqanlarına (qurumlarına), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, dövlət adından yaradılan publik hüquqi şəxslərə və dövlət büdcəsindən maliyyə vəsaiti alan digər təşkilatlara dövlət büdcəsindən ayrılan vəsaitin istifadəsinin, büdcə ssudalarının, dövlət sifarişi ilə həyata keçirilən layihələrin, subsidiya və subvensiyaların dövlət xəzinədarlığı vasitəsilə ünvanlı icra edilməsi və onların bütün bank hesablarına Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən müşahidə mexanizminin yaradılması üçün tədbirlər görsün;

dövlət vəsaiti hesabına həyata keçirilən dövlət investisiya layihələrinin və digər infrastruktur layihələrinin maliyyə ekspertizasının aparılmasını təmin etsin;

dövlət vəsaiti hesabına mal, iş və xidmətlərin satın alınmasının elektron müqavilələr əsasında həyata keçirilməsini təmin etsin və bu müqavilələrin elektron qaydada bağlanılmasını təşkil etsin;

büdcədənkənar dövlət fondlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin vəsaitlərinin təyinatı üzrə, məqsədli və səmərəli xərclənməsi üzərində dövlət maliyyə nəzarətini həyata keçirsin;

dövlət orqanlarının (qurumlarının), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və dövlət büdcəsindən maliyyə vəsaiti alan digər təşkilatların strukturu, ştat vahidləri və əməkhaqqı sistemlərinin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üzrə tədbirlər görsün;

ümumi dövlət xidmətləri, təhsil, səhiyyə, mədəniyyət, idman, nəqliyyat, rabitə, mənzil-kommunal təsərrüfatı, ətraf mühitin mühafizəsi və digər sahələr üzrə dövlət vəsaiti hesabına maliyyələşdirilən xərclərə dair normativlərin təkmilləşdirilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarının (qurumlarının) iştirakı ilə tədbirlər görsün.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə, bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilib ki, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, bu Fərmanın 3.3-cü bəndindən irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

Paylaş:
66

Son xəbərlər

Bütün xəbərlər