Deputat: İlham Əliyevin Çinə səfəri iki ölkə arasında strateji tərəfdaşlığın inkişafına mühüm töhfə verəcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Çin Xalq Respublikasına işgüzar səfərdədir. Dövlət başçısının bu səfəri ölkələrimiz arasında münasibətlərin daha da dərinləşməsinə xidmət edəcək.
Bu barədə 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Deputat vurğulayıb ki, səfər çərçivəsində Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatı formatında keçiriləcək zirvə toplantısında, həmçinin Çinin hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi münasibətilə təşkil olunacaq tədbirlərdə və hərbi paradda iştirakı nəzərdə tutulub.
Onun sözlərinə görə, Azərbaycan ilə Çin arasında münasibətlər artıq hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib:
“Liderlər arasında səmimi münasibətlər də bu əməkdaşlığın möhkəmlənməsinə töhfə verir. Xüsusilə, Çin Xalq Respublikasının Sədri Si Cinpinin Prezident İlham Əliyevə ‘əziz dostum’ deyə müraciəti dövlət başçılarının şəxsi dostluğunun göstəricisidir. Bu münasibətlər nəticə etibarilə xalqlarımız və ölkələrimiz arasında yaxınlaşmanı daha da sürətləndirir”.
Naqif Həmzəyev əlavə edib ki, hər iki ölkə daim bir-birinin ərazi bütövlüyünü dəstəkləyib:
“Azərbaycan Çinin ərazi bütövlüyünü dəstəklədiyi kimi, Çin də Azərbaycanın uğurlarını yaxından izləyir, Ermənistanla münasibətlərin normallaşması prosesini alqışlayır.
Deputat qeyd edib ki, bu gün isə hər iki ölkənin maraqları Orta Dəhlizin inkişafı və yükdaşmaların həcminin artırılması məsələsində üst-üstə düşür.
“Azərbaycan nəqliyyat infrastrukturunun genişləndirilməsi üçün illərdir uğurlu layihələr həyata keçirib və bu kontekstdə Zəngəzur dəhlizinin işə salınması xüsusi əhəmiyyət daşıyır. Çin bu layihəni ilk gündən dəstəkləyib. Qarşılıqlı səfərlər və əldə edilən razılaşmalar Zəngəzur dəhlizinin tezliklə reallaşması üçün əlverişli zəmin yaradır”.
Millət vəkilinin sözlərinə görə, hər iki ölkə arasında sərbəst ticarət sazişi üzrə müzakirələr aparılır.
“2025-ci ilin ilk aylarında ikitərəfli ticarət dövriyyəsi 1 milyard dollara yaxınlaşıb ki, bu da 2024-cü illə müqayisədə 1,5 dəfə artım deməkdir. Bundan əlavə, Azərbaycan Çin texnoloji yeniliklərindən yararlanmaq imkanına malikdir. Çin şirkətləri də texnologiyalarını Azərbaycana gətirməkdə və ortaq layihələrdə iştirak etməkdə maraqlıdır”.
Deputat vurğulayıb ki, iqlim dəyişikliklərinin aktuallıq qazandığı bir dövrdə Azərbaycan yaşıl enerji sahəsində əməkdaşlığa böyük önəm verir:
“Çin bu istiqamətdə zəngin təcrübəyə malikdir. Azərbaycan bu təcrübədən faydalanaraq yaşıl enerjiyə keçidi sürətləndirmək niyyətindədir. Çin şirkətləri də bu proseslərdə ölkəmizə dəstək göstərməkdədir”.
Naqif Həmzəyev əlavə edib ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin güclənməsinə böyük önəm verir:
“Bu əməkdaşlığın Azərbaycan iqtisadiyyatına mühüm töhfələr verəcəyi şübhəsizdir. Ekspertlər də hesab edirlər ki, Çinin dəstəyi ilə Orta Dəhlizin gücləndirilməsi Azərbaycanın Avropa ilə Asiya arasında ən mühüm tranzit qovşaqlarından birinə çevrilməsinə imkan verəcək”.
Onun sözlərinə görə, qarşılıqlı viza rejiminin ləğvi yaxın illərdə turizm əlaqələrinin daha da genişlənməsinə və xalqlarımız arasında mədəni yaxınlaşmanın sürətlənməsinə səbəb olacaq.
“Prezident İlham Əliyevin Çinə işgüzar səfəri çox məhsuldar olacaq, əldə edilən razılaşmalar dövlətlərimizin iqtisadi inkişafına və xalqlarımızın rifahına mühüm töhfələr verəcək”, – deyə Naqif Həmzəyev qeyd edib.