Pərviz Şahbazov: Azərbaycan yaşıl enerji üzrə regional platforma yaradır

“Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionu vahid geosiyasi məkana çevrilir”.
1news.az xəbər verir ki, bunu Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazov çıxışında deyib.
Nazir bildirib ki, bu gün Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin birgə səyləri Orta Dəhliz boyunca yaşıl enerji tərəfdaşlıqlarının inkişafı üçün mühüm imkanlar açır.
“Prezident İlham Əliyevin uzaqgörən siyasəti regiona sülh və sabitlik gətirib, Orta Dəhlizin əhəmiyyətini artırıb və strateji tərəfdaşlıqları möhkəmləndirib". – deyə Pərviz Şahbazov vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan indiyədək neft-qaz sektoruna 144 milyard ABŞ dolları sərmayə cəlb edib, enerji dəhlizləri vasitəsilə Xəzərdən Aralıq dənizinə, Qara dənizə və Adriatikə çıxış yaradıb. Təkcə Bakı–Tbilisi–Ceyhan kəməri ilə 540 milyon ton Azərbaycan, 53 milyon ton isə Mərkəzi Asiya nefti dünya bazarına daşınıb.
Nazir qeyd edib ki, hazırda Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq yeni mərhələyə qədəm qoyub:
"Qazaxıstan, Özbəkistan və Azərbaycanın elektrik şəbəkələrinin birləşdirilməsi Transxəzər Yaşıl Enerji Dəhlizinin reallaşmasına yol açır. Bu təşəbbüs regionu qlobal yaşıl keçidin aparıcı mərkəzinə çevirəcək".
Pərviz Şahbazov əlavə edib ki, qarşıdakı iki ildə Azərbaycanda ümumi gücü 2000 MVt-dan artıq olan 10 günəş və külək elektrik stansiyası istismara veriləcək. 2030-cu ilədək bərpa olunan enerjinin ümumi gücdə payı 38 faizədək yüksəldiləcək.
Nazirin sözlərinə görə, 2032-ci ilədək Xəzərdə və quruda 6 QVt-dan artıq bərpa olunan enerji gücü yaradılması, Caspian–Black Sea–Europe Yaşıl Enerji Dəhlizinin mərhələli istismara verilməsi planlaşdırılır.
Bundan başqa, Azərbaycan–Türkiyə–Avropa və Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan marşrutları üzrə yaşıl enerji dəhlizi layihələri üzərində iş aparılır. Bu təşəbbüslər həm də Mərkəzi Asiya ilə əlaqələrin gücləndirilməsinə xidmət edəcək.
Nazir bildirib ki, ötən il COP29 zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri yaşıl enerjinin inkişafı və ötürülməsi üzrə strateji tərəfdaşlıq haqqında Hökumətlərarası Saziş imzalayıblar:
"Bu saziş əsasında Bakıda Green Corridor Alliance adlı birgə müəssisə yaradılıb. Layihənin texniki-iqtisadi əsaslandırması üzrə tender gələn ay keçiriləcək və proses ADB və AIIB-nin dəstəyi ilə ilin sonunadək başlanacaq".
Pərviz Şahbazov sonda qeyd edib ki, yaşıl enerji dəhlizləri yalnız enerji təhlükəsizliyini deyil, həm də rəqəmsal və nəqliyyat əlaqələrini gücləndirəcək:
"Yaşıl enerji keçidi təkcə texniki və ekoloji proses deyil, həm də yeni logistika və enerji bazarlarını formalaşdıran, rəqabət üstünlükləri yaradan və regionun geosiyasi sabitliyini möhkəmləndirən genişmiqyaslı transformasiyadır".