Sevinc Fətəliyeva: “8 Noyabr xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan şanlı gündür” | 1news.az | Xəbərlər
Siyasət

Sevinc Fətəliyeva: “8 Noyabr xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan şanlı gündür”

Qafar Ağayev14:31 - Bu gün
Sevinc Fətəliyeva: “8 Noyabr xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan şanlı gündür”

"8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik tarixində qızıl hərflərlə yazılan ən şanlı səhifələrdən biridir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik işğala 44 gün ərzində son qoyularaq ərazi bütövlüyümüz bərpa olundu".

Bunu 1news.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat qeyd edib ki, 2020-ci il noyabrın 8-də Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi Azərbaycan tarixində əbədi olaraq Zəfər Günü kimi qeyd olunur:

“Azərbaycan bu Qələbə ilə qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu möhtəşəm Zəfər həm də Azərbaycanın hərbi, iqtisadi və siyasi gücünü bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin sözləri ilə desək, bu qələbə danışıqlar masası arxasında deyil, döyüş meydanında qazanıldı. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaq”.

Sevinc Fətəliyevanın sözlərinə görə, müstəqil Azərbaycan dövləti bu şanlı zəfərə qədər uzun və çətin yol keçib:

“30 il ərzində Azərbaycan həm danışıqlar masasında prinsipiallıq nümayiş etdirib, həm də güclü ordu qurub. Beynəlxalq təşkilatlarla əməkdaşlıq münaqişənin hüquqi bazasının formalaşmasına şərait yaradıb. BMT, Qoşulmama Hərəkatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı kimi qurumların qəbul etdiyi qətnamələr Azərbaycanın haqlı mövqeyini təsdiqləyirdi. Lakin bu sənədlərin illərlə icrasız qalması, Ermənistanın ardıcıl təxribatları müharibəni qaçılmaz etdi”.

Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsi dövründə xalq, dövlət və ordu misilsiz birliyini nümayiş etdirdi:

“Hər gün ordumuz irəliləyir, hər gün yeni kənd və şəhərlər azad olunurdu. Ermənistan ordusu və onun illərlə yaradılmış ‘məğlubedilməzlik’ mifləri 44 gün ərzində darmadağın edildi. Azərbaycanın gücü, xalqımızın dəmir iradəsi və şəhidlərimizin qəhrəmanlığı sayəsində bu qələbə tarixə yazıldı”.

Millət vəkili həmçinin Türkiyənin siyasi və mənəvi dəstəyinin xüsusi önəmini qeyd edib:

“Prezident Rəcəb Tayyib Ərdoğanın ‘Azərbaycan tək deyil, Türkiyə onun yanındadır’ bəyanatı xalqımıza böyük mənəvi güc verdi. Şuşa Bəyannaməsinin imzalanması ilə Türkiyə və Azərbaycan münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldi”.

Deputat əlavə edib ki, 23 aprel 2023-cü ildə “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması, eləcə də ötən ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam təmin olundu:

“Xankəndidə dövlət bayrağımızın ucaldılması bu prosesin məntiqi yekunu idi. Artıq ölkəmizin ərazi bütövlüyü bərpa olunub”.

Sevinc Fətəliyeva siyasi həmrəyliyə də toxunaraq bildirib ki, Vətən müharibəsi dövründə siyasi partiyaların Ali Baş Komandana dəstək ifadə edən birgə bəyanatları milli birliyin bariz nümunəsi idi:

“Bu həmrəylik Azərbaycanın gücünü daha da artırdı. Təəssüf ki, bəzi radikal qruplar bu birliyə qoşulmadı və xalqın iradəsindən uzaq mövqe sərgilədi. Lakin bu qüvvələrin cəhdləri hər zaman iflasa məhkumdur”.

Deputat sonda bildirib ki, bu gün azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, Azərbaycan isə regionda yeni reallıqlar formalaşdırır:

“Tarixi Zəfərimiz sayəsində ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmlənib. Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi regionda sülhün və əməkdaşlığın təminatçısıdır. İnanırıq ki, Cənubi Qafqaz tezliklə sabitlik və inkişaf məkanına çevriləcək”.

Paylaş:
64

Son xəbərlər

Bütün xəbərlər