Nigar Məmmədova: “Süni intellekt və rəqəmsallaşma inklüzivliyi təmin edən əsas vasitələrdən biridir” - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Nigar Məmmədova: “Süni intellekt və rəqəmsallaşma inklüzivliyi təmin edən əsas vasitələrdən biridir” - FOTO

17:24 - Bu gün
Nigar Məmmədova: “Süni intellekt və rəqəmsallaşma inklüzivliyi təmin edən əsas vasitələrdən biridir” - FOTO

Ötən həftə Sankt Peterburqda 4-cü Beynəlxalq “Moda Birliyi” Forumu keçirilib.

Forumda Azərbaycanı Milli Məclisin deputatları Nigar MəmmədovaTamam Cəfərova təmsil edib. Forumun əsas məqsədi beynəlxalq peşəkar dialoqu inkişaf etdirmək və konkret biznes layihələri başlatmaqdır.

Forumda iştirak edən yüngül sənaye və yaradıcı sənaye nümayəndələrinin həmçinin Federasiya Şurasının sədri və MDB Parlament Assambleyası Şurasının sədri Valentina Matviyenko ilə də görüşü olub. MM-in deputatı Nigar Məmmədova MM-in spikeri Sahibə Qafarovanın salamlarını çatdırıb. O bildirib ki, MDB məkanında işbirliyi ölkələrin daha dərin inteqrasiyasına, sabitlik, etimad və inkişafdan ibarət ümumi məkanın formalaşdırılmasına şərait yaradan möhkəm institusional baza təqdim edir. Deputat MDB-nin mədəni və gənclər gündəliyinin formalaşmasında modanın roluna toxunub. Bildirib ki, moda — mədəni diplomatiyanın, yumşaq gücün və humanitar əməkdaşlığın ən təsirli alətlərindən biridir.

Forum çərçivəsində MDB Parlamentlərarası Assambleyasının baş katibi Dmitri Kobitski ilə Azərbaycan nümayəndə heyəti arasında görüş də baş tutub. N.Məmmədova MDB Parlamentlərarası Assambleyasının otuz ildən çoxdur ki, aktual məsələlərin müzakirəsi, dövlətlərarası proqramların həyata keçirilməsi və iştirakçı ölkələrin milli qanunvericiliklərinin yaxınlaşdırılmasına töhfə verən model qanunların hazırlanması üçün effektiv mexanizm kimi özünü doğrultduğunu bildirib.

Tərəflər Parlamentlərarası Assambleya daxilində qarşılıqlı fəaliyyət məsələlərini və parlament əməkdaşlığının inkişaf perspektivlərini də müzakirə ediblər. Görüşdə Parlamentlərarası Assambleya Şurasının baş katibinin müavini və Azərbaycan Respublikası Milli Məclisinin MDB Parlamentlərarası Assambleyası yanında səlahiyyətli nümayəndəsi Aydın Cəfərov da iştirak edib.

IV Beynəlxalq “Moda Birliyi” forumu çərçivəsində keçirilən “MDB-də yüngül sənaye və yaradıcı sənaye sahələrində dövlət dəstəyi tədbirləri” mövzusunda dəyirmi masada isə MDB ölkələrindən və biznes birliklərindən nümayəndələr sənayenin dayanıqlı, rəqabətli olmasının yollarını müzakirə ediblər. Azərbaycan nümayəndələri diqqəti əsasən ölkədə mövcud olan yüngül sənaye və yaradıcı sənaye sahələrinə dəstəyə yönəldiblər. Nigar Məmmədova xüsusilə beynəlxalq tərəfdaşlarla əməkdaşlığa toxunaraq, bu kontekstdə Azərbaycanla dost Özbəkistanın işğaldan azad olunmuş ərazilərdə birgə reallaşdırdığı layihələrin əhəmiyyətini qeyd edib. N.Məmmədova həmçinin süni intellekt və rəqəmsallaşmanın moda sənayesinin inkişafına təsirlərinə toxunub. Süni intellekti yüngül sənayenin inkişafında inklüzivliyi təmin edən vasitə kimi dəyərləndirib.

Plenar iclasda isə “Moda sosial imkanlar məkanı kimi: İnklüzivlik, Məşğulluq və Humanitar Əməkdaşlıq” mövzusunda çıxış edən Nigar Məmmədova yaradıcı sənaye sahələrinin qadınların liderə çevrildiyi və əlilliyi olan insanların iş və yaradıcılıq üçün yeni imkanlar qazandığı azsaylı sahələrdən biri olduğunu vurğulayıb. O, adaptiv geyim istehsalının həyat keyfiyyətini yaxşılaşdırdığını və parlamentlərin bu cür təşəbbüsləri əlçatanlıq standartları, istehsalçıları dəstəkləmək üçün tədbirlər və təhsil proqramları vasitəsilə dəstəkləyə biləcəyini qeyd edib.

N. Məmmədova qeyd edib ki, kreativ sənayelər nadir sahələrdən biridir ki, burada qadınlar rəhbər olur, brend yaradır, sahibkara çevrilir, gənclər özünü ifadə etmək üçün geniş imkan tapır, əlilliyi olan şəxslər işə, sənətə və cəmiyyətə inteqrasiya olunur, çevik iş modelləri sosial inklüzivliyi gücləndirir: “Bu, yalnız iqtisadiyyat deyil. Bu, sosial mobillik, yeni imkanlar və real inklüzivlik deməkdir”.

Deputat modanın inklüziv cəmiyyətin qurulmasındakı roluna toxunub. Bildirib ki, inklüziv moda — trend deyil. Bu, cəmiyyətin yetkinlik səviyyəsidir: “Əlilliyi olan bir insan rahat, funksional və estetik geyim əldə edəndə — bu, həyat keyfiyyətinin yüksəlməsidir. Burada söhbət təkcə modadan getmir. Söhbət ləyaqətdən, bərabər olmaq hüququndan gedir. Cəmiyyətin bir parçası olduğunu hiss etməkdən gedir”.

MDB məkanında humanitar əməkdaşlıq çərçivəsində parlamentlərin roluna diqqət çəkən deputat bildirib ki, sosial yönümlü kolleksiyalar yaradan istehsalçıların dəstəklənməsi, keyfiyyət və əlçatanlıq standartlarının müəyyən edilməsi, gənclər və əlilliyi olan şəxslər üçün təhsil imkanlarının yaradılması, MDB ölkələri arasında humanitar əməkdaşlığın gücləndirilməsində ali qanunverici orqanların rolu vacibdir.

Paylaş:
549

Son xəbərlər

Bütün xəbərlər