Vüqar Qurbanov: “Səhiyyə Nazirliyinin səlahiyyət dairəsi TƏBİB-lə müqayisədə daha genişdir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Vüqar Qurbanov: “Səhiyyə Nazirliyinin səlahiyyət dairəsi TƏBİB-lə müqayisədə daha genişdir”

Qafar Ağayev14:34 - Bu gün
Vüqar Qurbanov: “Səhiyyə Nazirliyinin səlahiyyət dairəsi TƏBİB-lə müqayisədə daha genişdir”

“Ölkədə səhiyyə siyasətini formalaşdıran qurum Səhiyyə Nazirliyidir, tibbi xidmətlərin təşkili isə TƏBİB tərəfindən həyata keçirilir”.

1news.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov 1news.az-ın əməkdaşının “TƏBİB və Səhiyyə Nazirliyinin fəaliyyətində oxşar məqamlar var deyə, insanlar bu qurumlar arasında fərqi bilmir. Bu iki qurum birləşdirilə bilərmi?” sualına cavab olaraq brifinqdə deyib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi tənzimləyici qurum kimi fəaliyyət göstərir və klinik protokolların hazırlanması, həkimlərin sertifikasiyası, attestasiyası və digər nəzarət mexanizmləri məhz bu qurumun səlahiyyətlərinə daxildir:

“Nazirlik regulator funksiyasını icra edir və ölkə üzrə səhiyyə sahəsində bütün nəzarət mexanizmləri onun üzərindən həyata keçirilir. Bu baxımdan Səhiyyə Nazirliyinin səlahiyyət dairəsi TƏBİB-lə müqayisədə daha genişdir”, – deyə V.Qurbanov bildirib.

İcraçı direktor qeyd edib ki, TƏBİB-in yaradılmasında əsas məqsəd operatorla tənzimləyici qurumun bir-birindən ayrılması olub:

“Operator çevik olmalıdır. TƏBİB icraçı qurum kimi tibbi xidmətlərin təşkili ilə məşğuldur və funksional baxımdan daha operativ fəaliyyət göstərməlidir. Çünki burada insanların sağlamlığı və həyatının xilas edilməsi məsələsi dayanır”, – o vurğulayıb.

Vüqar Qurbanovun sözlərinə görə, TƏBİB fəaliyyətini tibbi xidmətlərin təşkili, keyfiyyətinin və çeşidinin artırılması üzərində qurub:

“Əsas məqsədimiz vətəndaşlara daha keyfiyyətli və əlçatan tibbi xidmət göstərməkdir”, – deyə o əlavə edib.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər