“Xiaomi SU7”nin qapısı açılmadı — insanlar yandı: elektromobillərdə gizli qapı dəstəklərinə qadağa niyə qoyulur?
Çin dünyada ilk dəfə avtomobillərdə gizli qapı dəstəklərini rəsmi şəkildə qadağan edən ölkə oldu.
Bu konstruktiv həll “Tesla”nın vizit kartına çevrilmiş və onlarla elektromobil istehsalçısı tərəfindən kopyalanmışdı.
Bu barədə 2 fevral bazar ertəsi günü Çin Xalq Respublikasının (ÇXR) Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi elan edib.
Yeni qaydalar Çində satılan bütün avtomobillərin həm içəridən, həm də bayırdan mexaniki qapı açma mexanizmi ilə təchiz olunmasını tələb edir.
Düyməyə basıldıqda çıxan və elektronika ilə idarə olunan zərif gömülü dəstəklər artıq sertifikasiyadan keçə bilməyəcək. Tələblər 2027-ci il yanvarın 1-dən qüvvəyə minir. Artıq sertifikasiya almış və buraxılışın son mərhələsində olan yeni modellərə 2029-cu ilin yanvarınadək möhlət verilib.
Niyə məhz indi?
"Xarici qapı dəstəklərinin istismarındakı narahatlıq və onların qəzadan sonra açılma qabiliyyətsizliyi" ifadələrinin arxasında bir sıra faciələr dayanır.
2025-ci ilin martında Anhoy əyalətindəki sürətli yolda Xiaomi SU7 elektrik sedanı təxminən 97 km/saat sürətlə beton maneəyə çırpıldı. Avtomobil alov aldı. Üç sərnişin — universitet tələbəsi olan qızlar həlak oldu. KİV məlumatlarına görə, xilasetmə işçiləri və şahidlər qapıları aça bilmədilər.
Bundan sonra “Xiaomi”nin səhmləri 21% düşdü, şirkət bir həftə ərzində təxminən 16 milyard dollar kapitallaşma itirdi.
Həmin ilin oktyabrında — yenə “Xiaomi SU7” ilə bağlı qəza, bu dəfə Çendu şəhərində. Avtomobil toqquşmadan sonra alov aldı. Videoyazılarda köməyə gələnlərin qapıları açmaq cəhdinin uğursuz olduğu, şüşələri dirsəkləri və ayaqqabı altlığı ilə döydüyü görünür. Baş verən hadisədə sürücü həlak oldu.
Amerikada vəziyyət elə də yaxşı deyil. “Bloomberg”in 2025-ci ilin sonunda apardığı genişmiqyaslı araşdırma “Tesla”-nın işləməyən qapı dəstəkləri ilə bağlı 140-dan çox istehlakçı şikayətini qeydə alıb. Jurnalistlər bu problemlə son on ildə ən azı 15 ölüm halını əlaqələndiriblər — zərbəyə uğrayan, lakin yanan avtomobildən çıxa bilməyən insanlarla bağlı qəzalarda. Üstəlik, bu ölümlərin yarıdan çoxu 2024-cü ilin noyabrından sonra baş verib.
“Tesla”ya zərbə — ən uğursuz məqamda
Formal olaraq qadağa heç bir şirkətin adını çəkmir. Praktikada əsas ünvan göz qabağındadır.
Gizli dəstəklər “Tesla”nın bütün aktual modellərində — “Model 3”, “Model Y”, “Model S”də mövcud olan firmanin dizayn elementi olaraq tanınır. Məhz “Tesla” aerodinamika və estetika naminə bu konstruksiyanı populyarlaşdırıb. “Tesla” indi konstruksiyanı dəyişməli olacaq.
Çin dünyanın ən böyük avtomobil bazarı və ABŞ-dən kənarda “Tesla” üçün ən vacib bazardır. 2025-ci ildə şirkət Çində təxminən 625700 avtomobil satıb — bu, qlobal satışların demək olar ki, 40%-ni təşkil edir. Eyni zamanda, il “Tesla” üçün Çində ağır keçib: pərakəndə satışlar 2024-cü illə müqayisədə təxminən 5% azalıb, elektromobil bazarındakı pay isə 6%-dən 4,9%-ə düşüb. “Tesla”nın Çindəki satışları tarixdə ilk dəfə illik müqayisədə azalıb. Şirkət elektromobil istehsalçıları arasında liderlik tacını 1,64 milyon “Tesla”ya qarşı 2,26 milyon tam elektrikli avtomobil satan Çin şirkəti BYD-yə güzəştə gedib.
Bütün bunların fonunda isə — dizaynın əsas elementinə tənzimləyici zərbə.
Qapı mexanizmlərinin yenidən işlənməsi bir gecədə yayıla bilən proqram yeniləməsi deyil. “Bloomberg”in məlumatına görə, mövcud sistemlərin yeni standartlara uyğunlaşdırılması istehsalçılara hər model üçün təxminən 100 milyon yuan (14,4 milyon dollar) başa gələ bilər. Şanxay zavodunda “Model 3” və “Model Y” istehsal edən “Tesla “üçün bu, büdcəyə ikiqat zərbədir.
“Tesla”nın baş dizayneri Frants fon Holtsxauzen hələ 2025-ci ilin sentyabrında “Bloomberg”ə şirkətin elektron və mexaniki mexanizmləri birləşdirən yeni dəstək dizaynı üzərində işlədiyini bildirib. Lakin bəyanat ilə seriya istehsalı arasındakı məsafəni hamı vaxtında qət edə bilmir.
Bestsellerlərin 60%-i təhlükə altında
“Tesla” yeganə zərərçəkən deyil. Çin dövlət mediasının məlumatına görə, ölkədə ən çox satılan 100 elektromobilin təxminən 60%-i gizli dəstəklərlə təchiz olunub. Qanunun təsir dairəsinə “Xiaomi”, “Aion” (GAC Group brendi) modelləri və bir sıra başqa markalar da daxildir.
Bununla belə, bəzi şirkətlər trendi əvvəlcədən görmüşdülər. “Geely” və “BYD” son modellərində artıq klassik çıxıntılı dəstəklərə qayıdıb. “Volvo” da oxşar yanaşma elan edib.
Bu, qlobal bazar və Azərbaycan üçün nə deməkdir
Çin sadəcə bazar deyil. Bu, standartları müəyyən edən fabrikdir. Çin qaydaları dəyişdirdikdə istehsalçılar adətən konstruksiyanı bir bazar üçün ayrıca versiya yaratmaq əvəzinə bütün dünya üçün uyğunlaşdırırlar. Bir sıra sahə ekspertlərinin qeyd etdiyi kimi, Çin sertifikasiyası naminə edilən dəyişikliklər demək olar ki, həmişə qlobal istehsala köçürülür.
ABŞ-də də analoji proses gedir. 2026-cı ilin yanvarında konqresmen Robin Kelli NHTSA-nı elektron qapı mexanizmləri üçün standartlar müəyyən etməyə məcbur edən “SAFE Exit Act” qanun layihəsini təqdim edib. Avropa tənzimləyiciləri də məsələni gündəmə gətirib.
Azərbaycan üçün bu, abstrakt xəbər deyil. Çin avtomobilləri — “Chery”, “BYD”, “Geely” — yerli bazara inamla daxil olur. “Tesla”, rəsmi iştirakı olmasa da, Gürcüstan və BƏƏ vasitəsilə ölkəyə gələrək çoxdan Bakı yollarının adi elementinə çevrilib. Çin bazarı üçün istehsal olunan avtomobillərin konstruksiyasındakı dəyişikliklər bizim yollarımızda hansı maşınların olacağına birbaşa təsir edəcək.
CNN, Bloomberg, Reuters, Electrek, InsideEVs, CnEVPost, TechCrunch materialları əsasında











