Bakıda avtobus zolaqlarında minib-düşmə yerləri – Nələrə diqqət edilməlidir? - VİDEO
Bakının bir çox küçə və prospektlərində müntəzəm sərnişin avtobuslarının rahat hərəkətini təmin etmək, paytaxt sakinlərinin gedəcəkləri ünvana zamanında çatmasını təmin etmək məqsədilə avtobus zolaqları yaradılıb.
Ancaq bu avtobus zolaqlarının çəkilməsi müsbət qarşılandığı kimi, narazılıqlara da səbəb oldu. Belə ki, minik avtomobili sürücüləri, xüsusilə də taksi sürücüləri və onların sərnişinləri minib-düşmə yerlərinin olmamasına görə narazı idilər. İnsanlar avtobus zolaqlarının çəkildiyi küçələrdə nə taksiyə minə bilirdi, nə düşə bilirdilər. Sürücü avtomobili ilə avtobus zolağına daxil olanda cərimə olunurdu, bundan yayınmaq üçün ikinci zolaqda da sərnişini düşürmək və mindirmək sürücülərin cərimələnməsinə səbəb olurdu. Sürücülər sərnişinləri minidərkən və ya endirərkən təhlükəsizlik üçün uyğun şərait tapa bilmirdilər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən bu məsələlər təhlillər apararaq bu məsələnin həlli istiqamətində addımlar atılmağa başlandı.
Bir müddətdir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən paytaxtın bəzi ərazilərində avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsi üçün xüsusi yerlərin yaradılır.
Paytaxtın bəzi avtobus zolaqlarında yaradılan minib-düşmə yerləri artıq sürücülər və sərnişinlər üçün rahatlıq təmin edir.
Bəzi sürücülər məlumatsızlıqdan hələ də avtobus zolağında yaradılan bu minib-düşmə yerlərində sərnişin düşürdüklərində və ya mindirdiklərində cərimə olunacağı qorxusu ilə qaydaları pozurlar, bəziləri isə bu yerlərdə uzun müddətli avtomobil saxlayaraq avtobusların hərəkətinə mane olmağa çalışırlar.
Bununla bağlı hazırladığımız videoreportajda qaydaları izah etməyə çalışmışıq:
Qurumların açıqlamaları
Məsələ ilə bağlı 1news.az-a danışan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib:
“AYNA tərəfindən xüsusi hərəkət zolaqlarında minik avtomobillərinin sərnişinləri üçün minib-düşmə yerlərinin yaradılması davam etdirilir.
Məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan minib-düşməyə imkan yaratmaqdır.
Son belə məntəqələr Səbail rayonunun Üzeyir Hacıbəyli küçəsində (Puşkin küçəsi ilə Azadlıq prospektinin aralığı) və Nəsimi rayonunun Azadlıq prospektində (ABŞ səfirliyinin qarşısı) yaradılıb.
Bundan əvvəl isə Yusif Səfərov və Rəşid Behbudov küçələrində, həmçinin Rəşid Behbudov və Mikayıl Rəfili, 28 May və Fikrət Əmirov küçələrinin kəsişməsində, Neftçilər, 8 Noyabr və Qara Qarayev prospektlərində, Füzuli, Cəfər Cabbarlı və A.M.Şərifzadə küçələrində təşkil edilib.
Minib-düşmə yerlərindən istifadə zamanı ictimai nəqliyyatın hərəkətinə şərait yaradılmalı, minib-düşmələr ən qısa vaxtda yerinə yetirilməli, təhlükəsizlik və manevretmə qaydalarına əməl edilməlidir.
Bu günə qədər ümumilikdə 16 küçə və prospektdə 27 məntəqədə minib-düşmə yeri təşkil edilib”.
Bakı Şəhər DYPİ-nin Təbliğat və ictimai işlər üzrə rəisi Toğrul Nəsirli saytımıza açıqlamasında bildirib:
“Bildiyiniz kimi, ümumi istifadədə olan nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti üçün ayrılmış bəzi xüsusi zolaqlarda adamların minib-düşməsi üçün də müvafiq yerlər ayrılmışdır. Lakin təəssüflə qeyd etməliyəm ki, bəzi sürücülər tərəfindən yaradılmış şəraitdən sui-istifadə hallarına yol verilir. Nəqliyyat vasitələrini saxlayaraq avtobusların hərəkətinə maneə yaradırlar ki, bu da öz növbəsində inzibati məsuliyyət yaradır. Belə hal aşkar edildiyi təqdirdə sürücü barəsində qanunauyğun tədbirlər görülür. Odur ki, sürücülər nəzərə almalıdırlar ki, qeyd edilən yerlər nəqliyyat vasitəsinin dayanması üçün deyil, adamların minib-düşməsi üçün nəzərdə tutulub”.
Foto+video: Nadir İbrahimli







