BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub
İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə görüşüb.
Nazirlikdən 1news.az-a bildirilib ki, görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlığın gündəliyində duran əsas prioritetlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Tərəflər “Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında 2026–2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsi”nin icrası, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) monitorinqinin gücləndirilməsi məqsədilə DİM-lərin Milli İzləmə Sistemi vasitəsi ilə Azərbaycan üzrə prioritetlərin ölçülməsi, habelə regionlar üzrə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi məsələlərini müzakirə ediblər.
Bu istiqamətlər üzrə BMT-nin ixtisaslaşmış qurumları ilə birgə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
İqtisadiyyat naziri Vladanka Andreyevaya səlahiyyət müddəti ərzində BMT-nin ölkə üzrə nümayəndəliyi ilə Azərbaycan Respublikası Hökuməti arasında yüksək səviyyəli tərəfdaşlığın və səmərəli əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.












