Araşdırma: Marsda vaxt Yerə nisbətən daha sürətli keçir
ABŞ-ın Milli Standartlar və Texnologiya İnstitutunun (NIST) iki fiziki tərəfindən aparılan araşdırma Marsda vaxtın Yerə nisbətən daha sürətli keçdiyini üzə çıxarıb.
1news.az dha.com.tr-yə istinadən xəbər verir ki, tədqiqatın nəticələrinə əsasən, Marsdakı saatlar Yer üzərindəki saatlarla müqayisədə sutkada orta hesabla 477 mikrosaniyə (saniyənin milyonda biri) daha sürətlə işləyir.
Araşdırmanı aparan fiziklər Neil Ashby və Bijunath Patla Mars üçün yüksək dəqiqliyə malik zaman ölçmə sisteminin hazırlandığını bildiriblər. Qeyd olunub ki, bu tədqiqat daha əvvəl Ay üçün hazırlanmış və vaxtın Yerə nisbətən sutkada 56 mikrosaniyə daha sürətlə keçdiyini müəyyən edən standartların davamıdır.
Alimlər Mars üçün vaxtın ölçülməsinin Aya nisbətən daha mürəkkəb olduğunu vurğulayıblar. Patlanın sözlərinə görə, Ay üçün hesablamalar Yer, Günəş və Ay arasında üçlü qarşılıqlı təsir əsasında aparılırdı. Marsla bağlı isə Yer də daxil olmaqla dördtərəfli cazibə tənliyinin nəzərə alınması tələb olunur.
Bundan əlavə, məsafə fərqi, orbitlərin quruluşu və zaman fərqlərinin dəyişkənliyi də hesablamaları çətinləşdirən əsas amillər sırasındadır.
Tədqiqatçılar bildiriblər ki, bu iş avtonom planetlərarası zaman sinxronlaşdırılması istiqamətində atılan mühüm addım hesab olunur.












