Bu gün Azərbaycan Prezidentinin doğum günüdür
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.
1news.az-ın məlumatına görə, dövlət başçısının 64 yaşı tamam olur.
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967–1977-ci illərdə paytaxtda orta təhsil alan İlham Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ – MQİMO) daxil olub, ali təhsilini uğurla başa vurduqdan sonra elmi fəaliyyətini institutun aspiranturasında davam etdirib.
1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alan İlham Əliyev 1990-cı ilədək MDBƏİ-də müəllim kimi çalışıb. 1994–2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (SOCAR) vitse-prezident, daha sonra isə birinci vitse-prezident vəzifələrini icra edib.
1995-ci və 2000-ci illərdə Milli Məclisə deputat seçilən İlham Əliyev 2001–2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib. Həmin dövrdə AŞPA-da fəaliyyəti çərçivəsində 2003-cü ilin yanvarında qurumun sədr müavini və Büro üzvü seçilib.
2003-cü ildə Baş nazir vəzifəsinə təyin olunması ilə əlaqədar onun deputat səlahiyyətlərinə xitam verilib.
2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb. 2008-ci il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 88 faizdən çoxunun etimadını qazanaraq yenidən dövlət başçısı seçilib.
2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində növbəti dəfə qələbə qazanan İlham Əliyev, 2018-ci il aprelin 11-də baş tutan seçkilərdə isə 86,03 faiz səs toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti olub.
Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının sədridir. O, həmçinin 1997-ci ildən Azərbaycanın Milli Olimpiya Komitəsinə rəhbərlik edir. İdmanın və Olimpiya hərəkatının inkişafına verdiyi töhfələrə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib.
Azərbaycan, rus, ingilis, fransız və türk dillərini sərbəst bilir.
Ailəlidir, üç övladı var.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsində 44 gün ərzində ölkə ərazilərini erməni işğalından azad edərək Azərbaycanın ərazi bütövlüyünü təmin edib. Uzun illərdən sonra işğaldan azad edilmiş torpaqlarımızda bu gün Azərbaycan bayrağı qürurla dalğalanır.
1news.az Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və dövlət fəaliyyətində davamlı uğurlar arzulayır.












