Mobilliyin transformasiyası çərçivəsində daha iki layihə icra edilib - FOTO
Bakı şəhərində mobilliyin inkişaf etdirilməsi, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, bütün hərəkət iştirakçılarının rahatlığı və təhlükəsizliyinin təmin olunması məqsədilə daha iki layihə icra edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən 1news.az-a verilən məlumata görə, Xətai rayonunun Süleyman Vəzirov küçəsində hərəkətin təhlükəsizliyinin yüksəldilməsi və nəqliyyat axınının daha səmərəli təşkili məqsədilə kompleks tədbirlər həyata keçirilib. Küçə boyu yol nişanları və nişanlanma xətləri normativ tələblərə və standartlara əsasən yenidən təşkil olunub. Bu, sürücülər və piyadalar üçün daha aydın, oxunaqlı və təhlükəsiz hərəkət mühiti formalaşdırmağa xidmət edir.
Bakı Avropa Liseyinin yerləşdiyi ərazidə maksimal sürət həddi saatda 30 kilometr, küçə boyunca isə saatda 40 kilometr müəyyən edilib. Bu qərar piyadaların təhlükəsizliyinin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır və beynəlxalq təcrübəyə uyğun “təhlükəsiz məktəb zonası” yanaşmasını əks etdirir.
Eyni zamanda, Süleyman Vəzirov küçəsinin Babək prospekti ilə kəsişməsində hərəkət sxemi optimallaşdırılıb. Belə ki, Süleyman Vəzirov küçəsindən Məşədi Hilal Kazımov küçəsi istiqamətində düzünə, Süleyman Vəzirov küçəsindən şəhər mərkəzi istiqamətində isə sola hərəkətə imkan yaradılıb. Xaqani Rüstəmov küçəsində təmir işləri aparıldığı nəzərə alınaraq, Süleyman Vəzirov küçəsindən şəhər mərkəzi istiqamətində yeni alternativin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Ərazidə quraşdırılan işıqforlar hazırda test rejimində fəaliyyət göstərir.
Beləliklə, Ağ Şəhər ərazisinə giriş-çıxış üçün daha rahat alternativ marşrutlar formalaşdırılıb, nəqliyyat axınlarının paylanması yaxşılaşdırılıb, pik saatlarda Babək prospektində yaranan geriyə dönmə yerlərində yüklənmənin azalmasına şərait yaradılıb.





Digər layihə çərçivəsində Biləcəri qəsəbəsinin Rəşid İsmayılov və Yəhya Hüseynov küçələrinin kəsişməsində yol hərəkəti yenidən təşkil edilib. Artıq sözügedən yol kəsişməsində hərəkət işıqforla nizamlanır. Yəhya Hüseynov küçəsindən və yaxınlıqdakı yaşayış kompleksindən hərəkət edən nəqliyyat vasitələri yol ötürücüsünün altında yerləşən geriyədönmə yerindən istifadə etməklə paytaxt istiqamətində hərəkət edə bilirlər. Layihəyə uyğun olaraq, ərazidə təhlükəsizlik adacıqları tikilərək hərəkət kanallaşdırılıb, kəsişmənin hüdudları boyunca piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nizamlanan piyada keçidləri təşkil olunub. Eyni zamanda, avtobus dayanacaq məntəqələrinin yeri optimallaşdırılıb, yeni yol nişanları quraşdırılıb, nişanlanma xətləri təşkil edilib.
Qeyd edək ki, layihənin icrasından əvvəl Yəhya Hüseynov küçəsindən, eləcə də yaxınlıqda yerləşən yaşayış kompleksindən paytaxt istiqamətində getmək istəyən sürücülər Bakı-Sumqayıt şosesindən istifadə etməklə, “Ekologiya postu”nun yaxınlığında yerləşən yol qovşağından geriyə dönərək hərəkət etmək məcburiyyətində qalırdılar. Bu da 3 km-dən çox izafi nəqliyyat yürüşünə, səyahət müddətinin artmasına və yol qovşağının əlavə yüklənməsinə gətirib çıxarırdı. Bununla yanaşı, kəsişmədə piyada və yol hərəkətinin təhlükəsizliyi arzuolunan səviyyədə deyildi.
Görülən tədbirlər ümumilikdə şəhər nəqliyyat sisteminin funksionallığını artırmaqla yanaşı, təhlükəsizlik, rahatlıq və davamlı hərəkət prinsiplərinə uyğun müasir yol mühitinin formalaşdırılmasına xidmət edir.


















