Milli Qəhrəman Natiq Qasımovun bu gün doğum günüdür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun bu gün doğum günüdür.
1news.az xəbər verir ki, Natiq Səlim oğlu Qasımov 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub.
Onun ailəsi 1975-ci ildə Mingəçevir şəhərinə köçüb. Natiq Qasımov burada səkkizillik məktəbi bitirib, daha sonra qaynaqçı ixtisası üzrə peşə məktəbində təhsil alıb.
1991-ci ildə Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşunların hərbi hissələrində xidmətini başa vurduqdan sonra Vətənə qayıdan Natiq Qasımov könüllü olaraq cəbhəyə yollanıb.
O, 1992-ci ildə Xocalı rayonunun Pirlər kəndi yaxınlığında yerləşən, alban kilsəsinin olduğu strateji yüksəklik uğrunda gedən döyüşlərdə göstərdiyi misilsiz qəhrəmanlıqla yadda qalıb. Yeddi nəfərlik qrupun tərkibində döyüşən Natiq Qasımovun altı silahdaşı həlak olub, o isə son dərəcə əlverişli mövqedə yerləşən kilsədə təkbaşına mübarizəni davam etdirib. Beş gün gecə-gündüz vuruşaraq düşmənin posta yaxınlaşmasına imkan verməyib.
Sonradan erməni silahlı qüvvələri Xocalıda əsir götürülmüş 22 azərbaycanlını güllələməklə hədələyərək Natiq Qasımovu təslim olmağa məcbur ediblər. Onun sonrakı taleyi uzun müddət naməlum qalıb.
Böyük Britaniyanın “Broken Pot Media” şirkəti tərəfindən Natiq Qasımova həsr olunmuş “Oğul” adlı sənədli film çəkilib. Filmdə Natiq Qasımovun erməni zabitləri tərəfindən dindirilməsi zamanı onun şəkillərini çəkmiş italyan müharibə fotoqrafı Enriko Sarsinin fotoları da yer alıb. Erməni tərəfinin ziddiyyətli açıqlamalarına baxmayaraq, Natiq Qasımovun güllələndiyi ehtimal olunur.
Qeyd edək ki, 2024-cü ildə Mingəçevir şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbinə Azərbaycanın Milli Qəhrəmanı Natiq Səlim oğlu Qasımovun adı verilib.
Azərbaycan Prezidentinin 25 iyun 2024-cü il tarixli 175 nömrəli sərəncamı ilə Natiq Səlim oğlu Qasımov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.












