Bəzi ölkələrdən Azərbaycana ət idxalına məhdudiyyət tətbiq edilib
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Livanın Akkar, Bəəlbək-əl-Hirmil əyalətlərində dabaq xəstəliyi, Litvanın Telşyay, Şyaulyay qəzalarında isə blutanq xəstəliyi qeydə alınıb.
Bu barədə 1news.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, respublika ərazisinin yoluxucu xəstəliklərdən qorunması üçün həmin ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib.
Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.












