Paytaxtdan şəhərlərarası daşımalar üzrə avtobus parkının 40%-i yenilənib
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində 2023-2025-ci illər ərzində keçirilən müsabiqələr nəticəsində marşrut xətlərinə daha müasir və komfortlu nəqliyyat vasitələri cəlb olunub.
Agentlikdən 1news.az-a verilən məlumata görə, 2023-cü ildə 190, 2024-cü ildə 254, 2025-ci il ərzində isə 495 marşrut reysi üzrə müsabiqələr keçirilib. Bu dövr ərzində “Neoplan Cityliner”, “King Long”, “Yutong”, “İsuzu”, “JAC Sunray”, “Qazel NEXT”, “MAN”, “TEMSA HD 12”, “Hyundai County”, “Golden Dragon” markalı 131 müasir avtobus şəhərlərarası daşımalara cəlb edilib. Bakı şəhərindən ölkəninin digər şəhər və rayonlarına şəhərlərası daşıma üzrə avtobus parkının 40% yenilənib.
Avtobuslardan 24-ü 2023, 38-i 2024, 69-u isə 2025-ci ildə istismara buraxılıb.
Eyni zamanda, müsabiqələr nəticəsində Bakı şəhərindən regionlara işləyən avtobusların orta yaşı 18 ildən 12-yə endirilib.
Paytaxtdan regionlara fəaliyyət göstərən reyslərin 96%-i “biletim.az” portalına qoşulub. Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.












