“Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi” mövzusunda ictimai müzakirə keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi” mövzusunda ictimai müzakirə keçirilib

Qafar Ağayev13:14 - Bu gün
“Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi” mövzusunda ictimai müzakirə keçirilib

2026-cı il yanvarın 21-də Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin və Azərbaycan Mətbuat Şurasının tərəfdaşlığı ilə “Dezinformasiya: qlobal miqyasda və Azərbaycan reallığında ən ciddi təhlükə kimi” mövzusunda ictimai müzakirə keçirilib.

1news.az xəbər verir ki, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli bildirib ki, bu günlərdə Davosda Dünya İqtisadi Forumu (WEF) “Qlobal Risklər Hesabatı”nı ("Global Risks Report") açıqlayıb. Hesabata görə, dezinformasiya, saxta məlumatlar Azərbaycan üçün 2026-cı ildə əsas risk kimi göstərilib. Hesabatda dezinformasiya həmçinin qlobal miqyasda da ciddi təhlükə kimi dəyərləndirilib: “Dezinformasiya müasir dövrdə təkcə informasiya sahəsini deyil, ictimai sabitliyi, dövlət-vətəndaş münasibətlərini, demokratik institutları hədəfə alan sistemli təhlükəyə çevrilib. Bu mövzuda vətəndaş cəmiyyəti həmişəkindən daha həssas olmalı, saxta məlumatları vaxtında ifşa etməli, onun tirajlanmasının qarşısında səddə çevrilməlidir. Dünya İqtisadi Forumunun dezinformasiyanı Azərbaycan üçün əsas risk kimi göstərməsi ciddi siqnaldır. Ona görə də Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu tərəfdaş qurumlarla birgə vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə bu ictimai müzakirəni təşkil etməyə qərar verdi”.
Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli qeyd edib ki, bütün dünyada dezinformasiya təhdidləri artan templə irəliləyir, müasir dövrdə sosial media platformaları dezinformasiyanın əsas yayılma məkanına çevrilib: “Dezinformasiyanın bütün təzahür formalarına qarşı mübarizədə Azərbaycan dövlətinin güclü siyasi iradəsi var. Amma bu prosesdə ictimai sayıqlıq, media savadlılığı, cəmiyyətin yüksək intellektual səviyyəsi ən güclü silahdır".
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid vurğulayıb ki, media subyektlərinin “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qayaları”na riayət etməsi vacibdir və bu yaxşı nümunə kimi sosial media fəallarına da təsir edə bilər: “Qaydaların birinci prinsipində bildirilir ki, jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, obyektivlik isə əsas peşəkarlıq meyarıdır. Ümumən qaydaların bütün prinsiplərinə riayət cəmiyyətin dezinformasiya təmayüllərindən qorunması baxımından vacib istinadgahdır”.
İctimai müzakirə çərçivəsində keçirilən tematik sessiyalarda dezinformasiyaya müxtəlif tərəflərdən baxış sərgilənib.
“Süni intellektlə yaradılmış saxta görüntülər, videolar və bot şəbəkələrinin ictimai rəyə təsiri” mövzusunda çıxış edən Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Müşfiq Ələsgərli bu texnologiyaların yan təsirlərinə, informasiya manipulyasiyası baxımından yaratdığı yeni risklərə diqqət çəkib.
“Vətəndaşların media savadlılığının artırılması və sosial media platformalarında dezinformasiyaya qarşı ictimai maarifləndirmədə QHT-lərin rolu” mövzusunda sessiyada Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, İnformasiya və Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə QHT-lərin bu sahədə ictimai nəzarət mexanizmləri barədə mülahizələrini bölüşüblər.
“Azərbaycana qarşı hibrid təhdidlər, informasiya savaşının geosiyasi aspektləri və qabaqlayıcı tədbirlər” mövzusunda sessiyada Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli və Sosial Təşəbbüslər Mərkəzi İctimai Birliyinin sədri Sənan Nəcəfov qlobal miqyasda hibrid təhdidlərin əhatə dairəsinin genişlənməsinə və yeni təzahür formalarına diqqət çəkiblər.
“Dezinformasiyanın regional dinamikası: Qlobal Cənub və Türk Dünyası təcrübələri” mövzusunda sessiyada Türk Dövlətlərinə üzv ölkələrin QHT Platformasının Baş katibi, millət vəkili, Azər Allahverənov bildirib ki, Türk dünyası üçün informasiya məkanında koordinasiyalı fəaliyyət strateji əhəmiyyət daşıyır.
Qlobal Cənub QHT Platformasının Katibliyinin nümayəndəsi Fuad Kərimli dezinformasiyanın Qlobal Cənub ölkələrindəki fəsadları barədə danışıb. O, qeyd edib ki, Qlobal Cənub məkanında rəqəmsal savadlılığın yetərli olmaması, yerli dillərin süni intellekt sistemlərində tam əhatə olunmaması və texnoloji resurs çatışmazlığı dezinformasiyanın təsir gücünü artırır.
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu cəmiyyət üçün aktual mövzularda ictimai müzakirələri davam etdirəcək.

Paylaş:
84

Son xəbərlər

Bütün xəbərlər