Xidmət rəisi: Yeni tənzimləmə ilə ataların sosial hüquqları genişləndirilir
“Əmək Məcəlləsinə edilmiş dəyişikliklərdən biri də uşağın doğulması ilə əlaqədar atalara ödənişli atalıq məzuniyyəti hüququnun təsbit edilməsidir”.
1news.az xəbər verir ki, bu fikirləri Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev mətbuat konfransında açıqlayıb.
O bildirib ki, bu anlayış Əmək Məcəlləsində əvvəllər mövcud idi, sadəcə olaraq ödənişli deyildi.
“Yeni tənzimləməyə əsasən, uşağın doğulması ilə bağlı tibb müəssisəsinin arayışı təqdim edildiyi halda, atalara doğuşdan əvvəl və doğuşdan sonrakı dövrü əhatə etməklə cəmi 14 təqvim günü müddətində ödənişli məzuniyyət verilir”.
Vəli Quliyev əlavə edib ki, bu dəyişiklik ailə institutunun möhkəmləndirilməsinə, valideyn məsuliyyətinin bölüşdürülməsinə, işçilərin sosial hüquqlarının genişləndirilməsinə və gender bərabərliyinə xidmət edir.











