“MilliÖn” adından istifadə edilməklə fişinq kampaniyası həyata keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“MilliÖn” adından istifadə edilməklə fişinq kampaniyası həyata keçirilib

Qafar Ağayev13:17 - Bu gün
“MilliÖn” adından istifadə edilməklə fişinq kampaniyası həyata keçirilib

“MilliÖn” ödəniş sisteminin adından və vizual üslubundan istifadə edilməklə fişinq kampaniyası həyata keçirilib.

1news.az xəbər verir ki, bu barədə Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) məlumat yayıb.

MKA-nın əməkdaşları tərəfindən açıq mənbələr üzrə aparılan monitorinq zamanı aşkarlanan saxta kampaniya çərçivəsində istifadəçilərə 1 AZN müqabilində 5 GB mobil internet və 80 dəqiqə danışıq paketi təklif olunub.

Məlumata görə, bu məqsədlə “MilliÖn”ün rəsmi səhifələrini təqlid edən “million-az.shop” və “millionaz.site” domenlərində saxta ödəniş səhifələri yaradılıb. Səhifələrdə istifadəçidən kart sahibinin adı və soyadı, kart nömrəsi, kartın bitmə tarixi, CVV kodu, telefon nömrəsi və digər məlumatlar tələb edilib.

MKA-nın apardığı texniki təhlil zamanı müəyyən edilib ki, səhifələrdə daxil edilən məlumatların real ödəniş sisteminə, prosessinq mərkəzinə və ya bank şlüzünə ötürülməsini göstərən mexanizm mövcud deyil. Əksinə, mənbə kodunda istifadəçinin daxil etdiyi məlumatların saytın idarəedici skripti vasitəsilə üçüncü tərəfə, o cümlədən “Telegram” xidmətinə ötürülməsini təmin edən funksiya aşkarlanıb.

Agentlik bildirib ki, bu, sözügedən resursların əsas məqsədinin ödəniş qəbul etmək deyil, bank kartlarının rekvizitlərini toplamaq olduğunu göstərir.

Eyni üsul digər brendlərin adından da istifadə olunub

Araşdırma zamanı müəyyən edilib ki, oxşar kampaniyalar yalnız “MilliÖn” adı ilə məhdudlaşmır.

Belə ki, “AzərPay” adı altında yaradılmış saxta hesab və domenlərdə də eyni məzmunlu kampaniya həyata keçirilib. Müxtəlif reklam materiallarının müqayisəsi zamanı eyni şablon və strukturdan istifadə olunduğu, əsasən brend elementlərinin dəyişdirildiyi müəyyən edilib.

Bununla yanaşı, “Ulduz Pay” adı ilə yaradılmış saxta hesab vasitəsilə də “millionaz.site” domeninə keçid yerləşdirilib.

MKA-nın monitorinqi nəticəsində kampaniya ilə əlaqəli “internet-million.online”, “miillion.online”, “millionngb.com” və “azerpay-az-gb.site.je” domenləri də aşkarlanıb.

Agentlik vətəndaşları tanımadıqları keçidlərə daxil olmamağa, bank kartı məlumatlarını və digər şəxsi məlumatlarını şübhəli saytlarda paylaşmamağa çağırıb.

Ətraflı məlumatı Milli Kibertəhlükəsizlik Agentliyinin açıqlamasında oxumaq mümkündür.

Paylaş:
35

Son xəbərlər

Bütün xəbərlər