Rusiyadan İlon Maska “Putin-Tramp tunelini tikin” təklifi | 1news.az | Xəbərlər
Dünya

Rusiyadan İlon Maska “Putin-Tramp tunelini tikin” təklifi

Qafar Ağayev09:33 - 12 / 10 / 2026
Rusiyadan İlon Maska “Putin-Tramp tunelini tikin” təklifi

Rusiya ilə ABŞ-ni birləşdirəcək tunelin tikintisi yenidən gündəmə gəlib.

1news.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kiril Dmitriyev amerikalı iş adamı İlon Maskın “The Boring Company” şirkətini iki ölkə arasında tunel inşa etməyə çağırıb.

Dmitriyev bu təklifini ABŞ-nin “X” sosial şəbəkəsində Maskın Ukrayna Prezidenti Volodimir Zelenski ilə bağlı paylaşımına cavab olaraq səsləndirib. Mask həmin paylaşımında “Zelenski çox irəli getdi” ifadəsini işlədib.

Dmitriyev cavabında yazıb: “İlon Mask, “The Boring Company” şirkətinin Rusiya ilə ABŞ-ni, Avrasiya ilə Amerikanı birləşdirəcək Putin-Tramp tuneli üzərində işə başlamasının vaxtı çatıb”.

O, Bering boğazının altından keçməsi nəzərdə tutulan tunelin ilkin marşrutunu da paylaşıb və layihənin iki ölkəni birləşdirəcəyini bildirib.

Qeyd edək ki, Dmitriyev 2025-ci ilin oktyabrında da oxşar təkliflə çıxış edib. O zaman o, Alyaska ilə Rusiya arasında “The Boring Company” şirkətinin texnologiyalarından istifadə etməklə tikilə biləcək tunelin təxminən 8 milyard dollara başa gələcəyini və 8 ildən az müddətdə tamamlanmasının mümkün olduğunu bildirmişdi.

Paylaş:
226

Son xəbərlər

Bütün xəbərlər