Əli Hacızadə: Biz başqalarının işinə qarışmırıq və öz işlərimizə qarışılmasına da imkan verməyəcəyik | 1news.az | Xəbərlər
Siyasət

Əli Hacızadə: Biz başqalarının işinə qarışmırıq və öz işlərimizə qarışılmasına da imkan verməyəcəyik

Ayxan Məlikzadə15:01 - Bu gün
Əli Hacızadə: Biz başqalarının işinə qarışmırıq və öz işlərimizə qarışılmasına da imkan verməyəcəyik

Son günlər Türkiyənin informasiya məkanında Azərbaycana qarşı tənqidi materiallar aktivləşib. Bu paylaşımlar ölkəyə qarşı ittihamlarla, Azərbaycanın İstanbul və Ankaradakı diplomatik nümayəndəlikləri qarşısında keçirilən aksiyalarla müşayiət olunur.

Politoloq Əli Hacızadə Türkiyə mediasında və sosial şəbəkələrində Azərbaycana qarşı aparılan informasiya kampaniyasını 1news.az-a şərh edib.

O, iki ölkə arasında münasibətlərin qarşılıqlı hörmət, bərabərhüquqluluq və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qurulmalı olduğunu vurğulayıb.

“Son günlər Türkiyə KİV-lərində və sosial şəbəkələrinin Türkiyə seqmentində Azərbaycana qarşı aparılan kampaniya, dezinformasiya kampaniyası və təbliğat kampaniyası və informasiya hücumu kampaniyası, əlbəttə ki, bizdə təəssüf hissi doğurur. Amma təəssüf olsun ki, bu, ilk dəfə deyil, birinci belə kampaniya deyil. Və bu kampaniyanın nəticəsi kimi Azərbaycanın İstanbulda konsulluğu və Ankaradakı səfirliyi qarşısında keçirilən aksiyaları da biz bütün bu prosesin davamı kimi qiymətləndiririk”, – deyə ekspert bildirib.

Əli Hacızadə

Hacızadə qeyd edib ki, Azərbaycan bütün dövlətlərlə, o cümlədən Türkiyə ilə bərabərhüquqlu münasibətlərin tərəfdarıdır. Onun sözlərinə görə, həqiqi tərəfdaşlıq suverenliyə və hər bir ölkənin daxili siyasətini müstəqil müəyyən etmək hüququna hörmət edilmədən mümkün deyil.

“Biz istəmirik ki, Azərbaycanın daxili işlərinə kimsə qarışsın və bizə necə yaşamalı olduğumuzu öyrətsin. Bizim hər hansısa bir problemimiz varsa, biz bunu içəridə müzakirə edirik və etməliyik. Bizə xaricdən məsləhətçi lazım olsaydı, yol göstərən lazım olmuş olsaydı, biz onu dəvət edərdik, çağırardıq.

Belə bir tələbimiz, belə bir ehtiyacımız yoxdur. Ona görə də hər kəs öz evindəki işlərlə məşğul olsun. Biz ora qarışmırıq, onlar da bura qarışmasınlar”, – deyə politoloq vurğulayıb.

Müzakirələrin ideoloji tərəfi də xüsusi diqqət çəkir. Türkiyədəki bəzi dairələrin dini və siyasi üstünlükləri prizmasından Azərbaycanın daxili qərarlarını qiymətləndirmək cəhdləri xarici müdaxilənin sərhədləri məsələsini gündəmə gətirir. Türkiyə ictimai məkanında tənqidçilərin “ərəbləşmə” və “mollalaşma” adlandırdıqları tendensiyalar, yəni mühafizəkar dini baxışların təsirinin artması və ictimai dəyərlərin dəyişməsi ilə bağlı müzakirələr də aparılır.

Bununla yanaşı, sərbəst ictimai müzakirə ilə başqa bir ölkəyə müəyyən ideoloji modelin qəbul etdirilməsi cəhdlərini fərqləndirmək vacibdir. Azərbaycan dünyəvi dövlətdir və ölkənin konstitusiya quruluşu dini etiqad azadlığını təmin edir. Təhsil və ictimai siyasət sahəsində qərarlar informasiya hücumlarına və xaricdən siyasi təzyiqə səbəb kimi deyil, ölkənin qanunvericiliyi çərçivəsində qiymətləndirilməlidir.

Azərbaycan-Türkiyə münasibətləri hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıyır. Lakin bu münasibətlərin davamlılığı yalnız tarixi əlaqələrdən və siyasi bəyanatlardan deyil, həm də bərabərhüquqluluq, qarşılıqlı hörmət və suverenlik prinsiplərinə riayət edilməsindən asılıdır.

Əli Hacızadənin mövqeyindən də göründüyü kimi, dövlətlər arasında dostluq bir tərəfin digərinə dərs vermək və ya onun daxili işlərinə qarışmaq hüququna malik olması demək deyil. Əsl tərəfdaşlıq hər bir dövlətin öz inkişaf yolunu müstəqil müəyyən etmək hüququnun tanındığı yerdə başlayır.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər