İstanbulda güclü yağış 3 nəfərin həyatına son qoyub | 1news.az | Xəbərlər
Dünya

İstanbulda güclü yağış 3 nəfərin həyatına son qoyub

Oksana Orucova15:02 - Bu gün
İstanbulda güclü yağış 3 nəfərin həyatına son qoyub

Türkiyənin İstanbul şəhərində güclü leysan yağışları və fırtına nəticəsində həyatını itirənlərin sayı 3 nəfərə çatıb.

1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən gündən etibarən şəhərdə müşahidə olunan intensiv yağıntılar bu gün də davam edir. Əlverişsiz hava şəraiti səbəbindən İstanbulda məktəblərdə tədris iki gün müddətinə dayandırılıb. İstanbul valisi Davud Gül yağışların daha 2-3 gün davam edəcəyini açıqlayıb.

Fatih rayonundakı Çukurbostan parkında 14 yaşlı Mahmut Işıldak su gölməçəsinə ayaq basarkən elektrik cərəyanı vurması nəticəsində ağır xəsarət alıb. Huşsuz vəziyyətdə xəstəxanaya çatdırılan yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb.

Digər ölüm hadisəsi Sarıyer rayonunun Ayazağa məhəlləsində qeydə alınıb. Belə ki, 34 yaşlı S.Y. sel sularını keçərək yolun qarşı tərəfinə çıxmağa çalışarkən sürüşərək yıxılıb və başını səkiyə çırpıb. Ətrafdakı şəxslər onu sudan çıxararaq xilas etsələr də, xəstəxanaya yerləşdirilən şəxs həkimlərin bütün müdaxilələrinə baxmayaraq həyatını itirib.

Kağıthane rayonunda isə çay kənarında körpünün dayağına ilişmiş kişi meyiti aşkarlanıb. Təxminən 40 yaşlarında olduğu bildirilən şəxsin sel nəticəsində həyatını itirmiş ola biləcəyi ehtimal edilir.

Hadisə yerinə polis və aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırmalara başlanılıb.

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər