Səudiyyə Ərəbistanının iki şəhərində erkən xəbərdarlıq sistemi işə salınıb | 1news.az | Xəbərlər
Dünya

Səudiyyə Ərəbistanının iki şəhərində erkən xəbərdarlıq sistemi işə salınıb

Qafar Ağayev14:38 - Bu gün
Səudiyyə Ərəbistanının iki şəhərində erkən xəbərdarlıq sistemi işə salınıb

Səudiyyə Ərəbistanının Abha və Xamis Muşayt şəhərlərində gecə saatlarından etibarən ikinci dəfə erkən xəbərdarlıq sistemi işə salınıb.

1news.az xəbər verir ki, bu barədə Sivil Müdafiə İdarəsi ABŞ-ın “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

Bildirilib ki, əhaliyə mümkün təhlükə ilə bağlı xəbərdarlıq edilib, mesaj alan şəxslərdən sakit olmaları və rəsmi qurumların göstərişlərinə əməl etmələri istənilib.

Qeyd olunub ki, təhlükə aradan qalxana qədər insanlar ən yaxın təhlükəsiz yerə keçməli, xüsusilə binaların daxilində pəncərələrdən uzaq otaqlarda qalmalı və evlərini tərk etməməlidirlər. Açıq ərazidə olan şəxslərə isə ən yaxın binaya daxil olmaq və möhkəm maneənin arxasında daldalanmaq tövsiyə edilib.

Sivil Müdafiə İdarəsi erkən xəbərdarlıq sisteminin işə salınmasından qısa müddət sonra yaydığı ikinci açıqlamada hər iki şəhərdə təhlükənin sovuşduğunu bildirib. Lakin təhlükənin xarakteri barədə məlumat verilməyib.

Qeyd edək ki, Yəməndə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyasının husilərə qarşı hərbi əməliyyatlarına cavab olaraq husilər tez-tez ölkənin sərhəd bölgələrini və cənub əyalətlərini hədəf alırlar. Regiondakı hərbi obyektlər və kritik infrastruktur da zaman-zaman Yəmən ərazisindən buraxılan pilotsuz uçuş aparatları və ballistik raketlərin hücumlarına məruz qalır.

İranın dəstəklədiyi husilər 2014-cü ildən etibarən Yəmənin paytaxtı Səna da daxil olmaqla, ölkənin bir sıra ərazilərinə nəzarət edirlər. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya isə 2015-ci ildən Yəmən hökumətini dəstəkləyir.

Paylaş:
189

Son xəbərlər

Bütün xəbərlər