Rusiya Ukraynanın enerji infrastrukturuna kütləvi zərbələr endirib
Rusiya ordusunun Ukraynaya endirdiyi gecə zərbələri nəticəsində iki nəfər ölüb, 45 nəfər yaralanıb. Hücumlar zamanı ölkənin enerji infrastrukturu və hərbi sənaye müəssisələri də hədəfə alınıb.
1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin və Ukrayna rəsmilərinin açıqlamalarında bildirilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya Silahlı Qüvvələri gecə saatlarında Ukraynadakı hədəflərə qurudan, havadan və dənizdən buraxılan yüksək dəqiqlikli silahlar, eləcə də pilotsuz uçuş aparatları (PUA) ilə intensiv zərbələr endirib.
Bildirilib ki, Krivoy Roq şəhərində Ukraynanın hərbi sənayesi üçün metal məmulatları istehsal edən iri metallurgiya müəssisəsi vurulub.
Jitomir şəhərində isə Ukraynanın qərb bölgələrindən ölkənin mərkəzindəki hərbi sənaye müəssisələrinə elektrik enerjisi ötürən transformator yarımstansiyasının hədəfə alındığı qeyd olunub.
Zaporojye şəhərində ukraynalı iş adamı Rinat Axmetova məxsus “Zaporojstal” metallurgiya zavodunun vurulduğu bildirilib. Həmçinin 2022-ci ildən Ukrayna Müdafiə Nazirliyinin idarəçiliyində olduğu və Ukrayna ordusunun ehtiyacları üçün istifadə edildiyi deyilən “Zaporojtransformator” müəssisəsinin də hücuma məruz qaldığı açıqlanıb.
Rusiya Müdafiə Nazirliyinin məlumatında Odessa limanına hərbi təyinatlı yük daşıdığı bildirilən quru yük gəmisinin dənizdə hərəkətdə olarkən vurulduğu da qeyd edilib.
Nazirliyin digər açıqlamasında isə Rusiya hava hücumundan müdafiə sistemlərinin gecə ərzində Moskva vilayəti və Xantı-Mansi Muxtar Dairəsi də daxil olmaqla, müxtəlif bölgələrdə Ukraynaya məxsus təyyarə tipli 610 PUA-nı vurduğu iddia olunub.
Zelenski: Rusiyanın enerji sektorumuza hücumları intensivləşib
Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında Rusiyanın ölkəsinə qarşı həyata keçirdiyi hava hücumlarını şərh edib.
O bildirib ki, hücumlar zamanı Ukraynada 15-dən çox enerji obyekti hədəfə alınıb. Zelenski son günlər ölkənin enerji sektoruna qarşı ən intensiv hücumlardan birinin həyata keçirildiyini vurğulayıb.
Prezidentin sözlərinə görə, elektrik enerjisi təchizatındakı problemlərin aradan qaldırılması üçün təmir-bərpa işləri fasiləsiz davam etdirilir.
Zelenski Rusiyanın Ukraynanın enerji infrastrukturuna hücumlarını artırdığını bildirərək, ötən axşamdan etibarən ölkəsinin 320-dən çox PUA və raketlə hədəf alındığını qeyd edib.
O, Rusiyanın qış gəlməmiş Ukrayna əhalisini çətin vəziyyətə salmağa çalışdığını iddia edib.
“Rusiya milyonlarla insanımızı elektrik enerjisiz və istiliksiz qoymağa çalışır”, – Zelenski bildirib.
Ukrayna Prezidenti Rusiyaya qarşı sanksiyaların zəiflədilməməsinin vacibliyini də vurğulayıb. O, ABŞ-ın Rusiyanı müharibəni dayandırmağa məcbur etmək məqsədi daşıyan Lindsi Qrem qanun layihəsinə lazımi diqqət yetirmədiyini bildirib.
“Rusiyanın enerji sektorumuza bu qədər intensiv hücumlar etdiyi bir vaxtda ABŞ, təəssüf ki, Rusiyanı bu müharibəyə son qoymağa məcbur etmək üçün nəzərdə tutulan Lindsi Qrem qanun layihəsini tamamilə görməzdən gəlməyə üstünlük verib”, – Zelenski qeyd edib.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin (DSNS) yazılı açıqlamasında isə gecə və səhər saatlarında ölkənin müxtəlif bölgələrinə endirilən zərbələr nəticəsində iki nəfərin öldüyü, 45 nəfərin yaralandığı bildirilib.












