İsraildən Vyanaya uçan təyyarəyə bomba təhlükəsi: qırıcılar havaya qaldırıldı
İsraildən Avstriyanın paytaxtı Vyanaya uçan sərnişin təyyarəsi bomba təhlükəsi ilə əlaqədar Bolqarıstanın paytaxtı Sofiyaya təcili eniş edib.
1news.az xəbər verir ki, “Austrian Airlines” aviaşirkəti İsrailin Təl-Əviv şəhərindən havaya qalxan “Airbus A320” təyyarəsinin göyərtəsində 51 sərnişin və altı ekipaj üzvünün olduğunu açıqlayıb.
Təyyarənin hava limanına qədər müşayiət olunması üçün qırıcı təyyarələr havaya qaldırılıb, sərnişinlər təxliyə edilib.
Aviaşirkətin məlumatına görə, təyyarə İsraildən uçduqdan sonra Avstriya vətəndaşlarından biri göyərtədə bomba olduğu barədə xəbərdarlıq edib. Həmin şəxsin təyyarədə olmadığı bildirilib.
Sərnişinlər marşrutun dəyişdirilməsinə səbəb olan bomba təhlükəsi barədə məlumatlandırılıblar.
Təyyarədə İsrailin gənclər nümayəndə heyəti də olub
İsrailin “Ynet” nəşrinin məlumatına görə, təyyarədə Birləşmiş Millətlər Təşkilatında (BMT) çıxış etməsi gözlənilən İsrail gənclər nümayəndə heyəti də olub.
Bolqarıstanın Nəqliyyat Nazirliyindən bildirilib ki, ekipaj üzvləri Rumıniya sərhədi yaxınlığında uçarkən bomba təhlükəsi barədə xəbər alıblar və Sofiyaya istiqamətlənmək qərarına gəliblər.
Bolqarıstanın Müdafiə Nazirliyi isə NATO-nun İspaniyada yerləşən Birləşmiş Hava Əməliyyatları Mərkəzi ilə koordinasiya çərçivəsində “MiQ-29” qırıcılarının havaya qaldırıldığını açıqlayıb. Qırıcılar sərnişin təyyarəsini hava limanına qədər müşayiət ediblər.
Təyyarədə təhlükəsizlik yoxlamaları aparılıb
Təyyarə Sofiya hava limanına endikdən sonra sərnişinlər təxliyə olunub, Bolqarıstanın müvafiq qurumları isə göyərtədə təhlükəsizlik yoxlamalarına başlayıblar.
“Lufthansa” Qrupuna daxil olan “Austrian Airlines” şirkəti yoxlamalar başa çatdıqdan sonra sərnişinlərin alternativ reyslərə yönləndiriləcəyini bildirib.
İlkin məlumatların bomba təhdidinin əsassız ola biləcəyinə işarə etdiyi qeyd olunur.
Hadisə ötən həftə Nyu-Yorkdan havaya qalxaraq İsrailin Ben Qurion hava limanına enən “Delta Air Lines” aviaşirkətinə məxsus təyyarədə də bomba təhlükəsi ilə bağlı oxşar insidentin qeydə alınmasından sonra baş verib.












