Fransada tarixi bələdiyyə binası YANDIRILDI: 143 illik saat qülləsi çökdü | 1news.az | Xəbərlər
Dünya

Fransada tarixi bələdiyyə binası YANDIRILDI: 143 illik saat qülləsi çökdü

Oksana Orucova09:49 - Bu gün
Fransada tarixi bələdiyyə binası YANDIRILDI: 143 illik saat qülləsi çökdü

Fransanın Limoges şəhərində etiraz aksiyaları zamanı yandırılan 143 illik bələdiyyə binasında baş verən yanğın nəticəsində dam və saat qülləsi çöküb.

1news.az xarici mediaya istinadən xəbər verir ki, şəhərin meri Quillaume Querin hücumun əvvəlcədən planlaşdırıldığını bildirərək binanın mühafizəsi üçün kifayət qədər polis qüvvəsinin olmadığını iddia edib.

Fransada yaşayış xərclərinin artmasına və dövlət xidmətlərindəki problemlərə qarşı keçirilən ümumölkə etirazları dünən bir sıra şəhərlərdə zorakılıq hadisələrinə çevrilib. Maskalı qrupların polislə toqquşduğu, mağazaları talan etdiyi və dövlət binalarını hədəf aldığı hadisələr zamanı Limoges şəhərinin tarixi bələdiyyə binası da yandırılıb.

1883-cü ildən fəaliyyət göstərən tarixi binada maskalı şəxslərin törətdiyi yanğın nəticəsində dam örtüyü və saat qülləsi çöküb.

Limoges şəhərinin meri Guillaume Guerin bu gün verdiyi açıqlamada bildirib ki, bir neçə yüz nəfərdən ibarət izdiham qarşısında yerli polis qüvvələri qısa müddətdə vəziyyətə nəzarəti təmin etməkdə çətinlik çəkib.

Merin sözlərinə görə, etirazçılar binanın şüşələrini sındırıb, əsas giriş qapısını dağıtmaq üçün isə xüsusi alətlərdən istifadə ediblər.

Querin hücumun əvvəlcədən təşkil olunmasına sərt reaksiya verib: “Dünən bələdiyyə binasına hücumun arxasında dayanan logistika, təşkilatlanma və hadisənin əvvəlcədən planlaşdırılması mənim üçün dözülməzdir”.

Binanın mühafizəsi üçün kifayət qədər polis əməkdaşının cəlb edilmədiyini vurğulayan mer bildirib ki, bələdiyyə binasını qorumaq üçün onun sərəncamında bir nəfər də olsun milli polis əməkdaşı olmayıb.

“Bu ölkə pis vəziyyətdədir, özü də çox pis vəziyyətdədir. Bunu sizə ölkənin kiçik bir əyalət şəhərinin meri deyir”, - deyə Quillaume Querin qeyd edib.

 

Paylaş:
78

Son xəbərlər

Bütün xəbərlər