Bəzi şəxslərin pensiyalarına aylıq sabit əlavələr ediləcək
Azərbaycanda bəzi kateqoriyalardan olan şəxslərin pensiyalarına aylıq sabit əlavələrin hesablanması nəzərdə tutulur.
1news.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Deputat bildirib ki, “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olunub. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minəcək. Yeni qaydaların tətbiq tarixi isə cari ayın ilk günündən hesablanacaq.
Vüqar Bayramovun sözlərinə görə, dəyişikliklərə əsasən, müəyyən kateqoriyadan olan şəxslərin fərdi hesablarında toplanan pensiya kapitalı əsasında hesablanan pensiya məbləğinə aylıq sabit əlavələr ediləcək. Bu isə həmin şəxslərin pensiyalarının artmasına imkan verəcək.
Deputat qeyd edib ki, hazırda bu kateqoriyadan olan şəxslərin pensiyaları pensiyaya çıxarkən kapital əsasında deyil, əməkhaqqının məbləğinə uyğun müəyyənləşdirilir. Yeni dəyişikliklər isə sığorta mexanizminin gücləndirilməsini nəzərdə tutur. Beləliklə, onların fərdi şəxsi hesablarında toplanan vəsait əsasında hesablanan pensiyaya sabit məbləğdə əlavələr ediləcək.
Bu qaydaların dövlət qulluqçularına, Müdafiə Nazirliyinin hərbi qulluqçularına və digər müəyyən kateqoriyadan olan şəxslərə şamil ediləcəyi bildirilir.
Vüqar Bayramov dəyişikliklərin mahiyyətini nümunə ilə izah edib. Onun sözlərinə görə, fərdi hesabında 100 min manat pensiya kapitalı olan şəxsin kapitalının 85 faizi, yəni 85 min manat nəzərə alınacaq. Bu məbləğ 144-ə bölündükdə aylıq pensiyanın sığorta kapitalı əsasında hesablanan hissəsi 590,2 manat təşkil edəcək.
Deputat bildirib ki, həmin şəxs müvafiq kateqoriyaya aid olduğu halda, hesablanan 590,2 manat pensiya məbləğinin üzərinə sabit əlavə də gələcək. Beləliklə, yekun aylıq pensiya məbləği həmin əlavənin hesabına artacaq.
Paylaşımda qeyd olunub ki, yeni qaydalar çərçivəsində pensiyaların və onlara edilən əlavələrin proaktiv qaydada təyin edilməsi nəzərdə tutulur. Yəni, vətəndaşların bunun üçün hər hansı dövlət qurumuna müraciət etməsinə ehtiyac qalmayacaq, pensiya və əlavə elektron qaydada hesablanaraq təyin ediləcək.
Aylıq pensiya əlavəsinin konkret məbləği isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdiriləcək. Həmin qurumun da qanuna edilən dəyişikliklər təsdiqləndikdən sonra müvafiq fərmanla müəyyən edilməsi gözlənilir.












