Rusiya Latviyaya etiraz notası təqdim etdi | 1news.az | Xəbərlər
Dünya

Rusiya Latviyaya etiraz notası təqdim etdi

Oksana Orucova09:31 - Bu gün
Rusiya Latviyaya etiraz notası təqdim etdi

Rusiya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin Riqadakı konsulluq şöbəsinə bağlı sosial təminat bölməsinin bütün əməkdaşlarının işdən çıxarılmasının tələb olunması ilə əlaqədar Latviyaya etiraz notası təqdim edib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, nazirliyin yazılı açıqlamasında bildirilib ki, Latviyanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Romano Krasovska Xarici İşlər Nazirliyinə çağırılıb.

Görüş zamanı Latviyanın Xarici İşlər Nazirliyinin Rusiya səfirliyinin Riqadakı konsulluq şöbəsinə bağlı sosial təminat bölməsində çalışan bütün əməkdaşların işdən çıxarılmasını tələb etməsi kəskin etirazla qarşılanıb.

Açıqlamada qeyd olunub ki, bu tələb Latviyada yaşayan təxminən 6 min rusiyalı hərbi təqaüdçünün və onların ailə üzvlərinin pensiya ödənişlərini və sosial təminatını təhlükə altına salır.

Rusiya Xarici İşlər Nazirliyi Latviyanın bu addımlarının 1994-cü ildə iki ölkə arasında imzalanmış, rusiyalı hərbi təqaüdçülərin və onların ailə üzvlərinin sosial təminatını nəzərdə tutan hökumətlərarası sazişdən irəli gələn öhdəliklərə zidd olduğunu bildirib.

Açıqlamada vurğulanıb ki, Rusiya Latviyada yaşayan hərbi təqaüdçülər və onların ailə üzvləri qarşısında öhdəliklərini hər zaman tam yerinə yetirib. Hərbi pensiyaların ödənilməsində yarana biləcək böhrana görə bütün məsuliyyətin Latviya hakimiyyətinin üzərinə düşəcəyi qeyd olunub.

Rusiya tərəfi Latviyanı sözügedən sazişin müddəalarına ciddi şəkildə əməl etməyə çağırıb və bununla bağlı rəsmi etiraz notasını təqdim edib.

Paylaş:
57

Son xəbərlər

Bütün xəbərlər