Prezidentin köməkçisi: Azərbaycana qarşı təşviqatın qarşısını almaq üçün öz gündəmimizi qurmuşuq

"1990-cı illərin əvvəllərində Ermənistan Azərbaycana qarşı genişmiqyaslı müharibəyə başlayanda beynəlxalq qurumlar hadisələrə elə yanaşırdılar ki, sanki müharibəni Azərbaycan başladıb".
1news.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, 44 günlük müharibə zamanı işğaldan azad edilən ərazilərdə Azərbaycanın dağıdılmış tarixi və mədəni irs nümunələri ilə qarşılaşıblar. Hacıyevin sözlərinə görə, buna baxmayaraq, Ermənistanın bəzi qurumları həmin abidələrin Azərbaycan tərəfindən dağıdıldığı barədə məlumatlar yayırlar.
"Bir neçə ay əvvəl CNN kimi beynəlxalq və nüfuzlu xəbər qurumu bölgədəki münasibətlərə mənfi təsir göstərə biləcək məlumat dərc edib. Biz həmin məlumatın geri götürülməsi üçün müraciət etdik, lakin bundan imtina edildi", – o qeyd edib.
Prezidentin köməkçisi bildirib ki, məsələ ilə bağlı BMT-nin məhkəmə sisteminə müraciət olunsa da, hələlik nəticə əldə olunacağına dair perspektiv görünmür.
O, həmçinin süni intellektin informasiya məkanına müdaxilə vasitəsinə çevrildiyini və müxalif qüvvələrin bundan istifadə etdiyini vurğulayıb.











