Azərbaycanda hotellərdə gecələmələr azalıb: Ən çox hansı ölkənin vətəndaşları qalıb? - SİYAHI

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda mehmanxana və mehmanxana tipli obyektlərdə gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz azalaraq 3 milyon 239,3 min olub.
1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin 2026-cı ilin yanvar-sentyabr aylarında mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyəti haqqında məlumatında bildirilib.
Gecələmələrin ümumi sayının 55,9 faizi Bakının, 5,2 faizi Qusarın, 5,1 faizi Naftalanın, 4,7 faizi Xaçmazın, 3,9 faizi Qəbələnin, 3,4 faizi Qubanın, 3 faizi Lənkəranın, 1,8 faizi Gəncənin, 1,6 faizi Şuşanın, 1,5 faizi Şamaxının payına düşüb.
Gecələmələrin 1,2 faizi Naxçıvan Muxtar Respublikasında, eyni qədər hissəsi Masallıda, 1,1 faizi Şabranda, 1,1 faizi Qaxda, 9,3 faizi isə digər şəhər və rayonlarda qeydə alınıb.
Hesabat dövründə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin mehmanxana və mehmanxana tipli obyektlərdə gecələmələrinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz azalaraq 1 milyon 845,6 min olub. Bu, ümumi gecələmələrin 57 faizini təşkil edib.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin gecələmələrinin 12,1 faizi Türkiyə, 11,3 faizi Rusiya, 9,2 faizi İsrail, 6 faizi Səudiyyə Ərəbistanı, 5,8 faizi Hindistan, 5,4 faizi Çin, 4,2 faizi Pakistan, 4,2 faizi Özbəkistan, 4,1 faizi Qazaxıstan, 2,5 faizi Böyük Britaniya vətəndaşlarının payına düşüb.
Gecələmələrin 2,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,3 faizi ABŞ, 1,6 faizi Almaniya, 1,3 faizi Küveyt, 1,1 faizi İtaliya, 1 faizi Gürcüstan vətəndaşları tərəfindən həyata keçirilib. Koreya Respublikası, İran və Ukrayna vətəndaşlarının hər birinin payı 0,7 faiz, digər ölkələrin vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin payı isə 23,5 faiz olub.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin gecələmələrinin 81,4 faizi Bakıda, 5,4 faizi Naftalanda, 5,1 faizi Qusarda, 2,8 faizi Qəbələdə, 1,3 faizi Qubada, 4 faizi isə digər şəhər və rayonlarda qeydə alınıb.
Azərbaycan vətəndaşlarının mehmanxana və mehmanxana tipli obyektlərdə gecələmələrinin sayı 1 milyon 393,7 min olub. Bu, ümumi gecələmələrin 43 faizini təşkil edib.









