Ermənistan İstintaq Komitəsinin sədri Nəsimi Musayevin ifadəsi barədə danışıb

Ermənistanda saxlanılan Azərbaycan Ordusunun hərbi qulluqçusu Nəsimi Musayevin heç kimi öldürmək niyyətində olmadığı bildirilir.
1news.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” Ermənistan İstintaq Komitəsinin sədri Artur Poqosyana istinadən məlumat yayıb.
Poqosyanın sözlərinə görə, Nəsimi Musayev artıq dindirilib və ifadə verib. O bildirib ki, Azərbaycan hərbçisi sıx duman səbəbindən istiqaməti itirərək yolunu azıb.
İstintaq Komitəsinin sədri araşdırma davam etdiyi üçün Musayevin ifadəsinin digər təfərrüatlarını açıqlamaqdan imtina edib.
“Biz faktları qiymətləndirməliyik. Bu şəxs yolunu azaraq piyada buraya gəlib, hansısa ev görüb, şüşəni sındırıb, ac olduğu üçün içəri daxil olub, özünə yemək hazırlayıb və paltarını dəyişib. Uşaqlar içəri daxil olduqda onların telefonunu götürüb, oturmağa məcbur edib, lakin onlara xəsarət yetirməyib”, – deyə Poqosyan jurnalistlərə açıqlamasında bildirib.
Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrindən birində müddətli həqiqi hərbi xidmət keçən Nəsimi Rasim oğlu Musayevin itkin düşməsi barədə məlumat yayılıb.
Bildirilib ki, 26 sentyabr 2026-cı il tarixində hərbi qulluqçunun xidmət yerində olmadığı və yerinin müəyyənləşdirilmədiyi məlum olub. Bundan sonra onun axtarışına başlanılıb, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən zəruri tədbirlər həyata keçirilib.
Hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılıb. Araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Ermənistan məhkəməsinin qərarı ilə Nəsimi Musayev barəsində həbs qətimkan tədbiri seçilib.











