Kolumbiyada polis bölməsinə bombalı hücum: 1 nəfər ölüb, 6 nəfər yaralanıb

Kolumbiyanın cənubunda yerləşən Kauka departamentində polis bölməsinə təşkil edilən bombalı hücum nəticəsində bir nəfər ölüb, altı nəfər yaralanıb.
1news.az xarici mediaya istinadən xəbər verir ki, Kauka departamentinin El Estreço qəsəbəsində yerləşən polis bölməsində güclü partlayış baş verib.
Hadisə nəticəsində bir nəfər həyatını itirib, altı nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.
Partlayış ətrafdakı yaşayış evlərinə, ticarət obyektlərinə və təhlükəsizlik qüvvələrinə məxsus binalara ciddi ziyan vurub.
Hücumdan sonra bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib. Təhlükəsizlik səbəbindən magistral yolun hadisənin baş verdiyi ərazidən keçən hissəsi hər iki istiqamətdə nəqliyyatın hərəkəti üçün bağlanıb. Bu isə bölgədə logistika və ticarət fəaliyyətində ciddi fasilələrə səbəb olub.
Qeyd edək ki, bölgədə narkotik qaçaqmalçılığı və qanunsuz mədənçilik marşrutlarına nəzarət uğrunda mübarizə aparan qanunsuz silahlı qruplaşmalar tez-tez təhlükəsizlik qüvvələrini və infrastrukturu hədəf alırlar.











