Azərbaycanı Zəfərə aparan yolun görünməyən tərəfləri - ŞƏRH | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanı Zəfərə aparan yolun görünməyən tərəfləri - ŞƏRH

Ayşən Salehli12:00 - Bu gün
Azərbaycanı Zəfərə aparan yolun görünməyən tərəfləri - ŞƏRH

2020-ci il noyabrın 8-də Azərbaycanın qazandığı Zəfər təkcə hərbi qələbə deyil, həm də dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu.

Bu qələbəyə aparan yol uzunmüddətli siyasi strategiya, iqtisadi gücün formalaşdırılması, ordunun modernləşdirilməsi və xalqın birliyi ilə səciyyələndi. Müharibənin başa çatması ilə Azərbaycan yalnız ərazi bütövlüyünü və suverenliyini bərpa etmədi, həm də müharibədən sonrakı dövrdə sülh gündəliyinin formalaşmasında təşəbbüsü ələ aldı. Hazırda Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işləri, eləcə də hərbi sahədə davam edən islahatlar Zəfərin nəticələrini yeni mərhələyə daşıyır. Bəs Azərbaycanı Qələbəyə aparan əsas amillər hansılar idi və bu tarixi hadisə ölkənin regional və beynəlxalq mövqeyini necə dəyişdi?

Məsələ ilə bağlı 1news.az-a açıqlama verən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib ki, Cənab Prezident İlham Əliyevin fəaliyyətinin məhz Ümummilli Lider Heydər Əliyevin ideyaları işığında həyata keçirilməsi Azərbaycan xalqını qalib xalq obrazına yüksəltdi.

“44 günlük Vətən müharibəsindən bəhs etdiyimiz zaman, şübhəsiz ki, bu müharibəyə aparan əsas yolun hansı siyasi və strateji təməllər üzərində qurulduğuna diqqət yetirməliyik. Bu əsas yol Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycanın təməlini sözdə deyil, əməldə qoyması idi. Bu baxımdan, ilk növbədə toxunmalı olduğumuz məsələ Azərbaycanın heç bir regional və qlobal güc balansının təsiri altında qalmadan, öz milli maraqları ətrafında siyasət yürütməsi idi. Bunun üçün, şübhəsiz ki, həm daxili, həm də xarici siyasətin konturları son dərəcə düzgün müəyyənləşdirilməli idi. Çünki bir tərəfdən ərazilərimizin işğalı, digər tərəfdən qaçqın və məcburi köçkün problemi, eyni zamanda regionda toqquşan maraqlar Azərbaycanı son dərəcə çətin vəziyyət və ciddi çağırışlarla üz-üzə qoymuşdu”.

Politoloqun sözlərinə görə, Azərbaycanın gələcək inkişafının və tarixi Zəfərə aparan yolun təməli müstəqilliyin ilk illərində atılan strateji addımlarla formalaşıb.

“Bu istiqamətdə Ümummilli Lider Heydər Əliyev kompleks tədbirlərin həyata keçirilməsinin əhəmiyyətini dərk edərək həm daxili, həm də xarici siyasətimizdə fundamental qərarlar qəbul etdi. Dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsi, Konstitusiyamızın qəbul edilməsi, Azərbaycan gənclərinin milli-mənəvi dəyərlər əsasında yetişdirilməsi, iqtisadi sahədə qəbul edilən qərarlar və sosial siyasətin düzgün müəyyənləşdirilməsi həmin dövr üçün nə qədər çətin olsa da, mövcud potensialdan və resurslardan düzgün istifadə etmək istiqamətində düşünülmüş bir yol seçildi. Bu istiqamətdə, şübhəsiz ki, ilkin toxunmalı olduğumuz məsələlərdən biri 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması oldu. “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycan iqtisadi və siyasi blokadadan çıxdı”.

Politoloq qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğu sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın hərbi gücünün artırılması, milli birliyin möhkəmləndirilməsi və beynəlxalq mövqelərinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:

“Nizami ordu quruculuğu, gənclərin milli-mənəvi dəyərlər əsasında yetişdirilməsi və heç şübhəsiz ki, Azərbaycan xalqını vahid ideologiya ətrafında birləşdirən və bütövləşdirən “Azərbaycançılıq” məfkurəsi, bütün bunların hər biri Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında tarixi xidmətləridir. Ulu Öndər Azərbaycanın ərazi bütövlüyü və suverenliyi məsələsini beynəlxalq gündəliyə çıxarmaqla sadəcə Azərbaycan-Ermənistan münaqişəsinə diqqət çəkmirdi.

Dövlətlərin ərazi bütövlüyü və suverenliyi kontekstindən bu məsələyə yanaşılaraq, eyni zamanda beynəlxalq aləmdə Azərbaycan haqqında düzgün imicin formalaşdırılması istiqamətində addımlar atılırdı. Məhz bu baxımdan qısa zaman kəsiyində Azərbaycanın beynəlxalq təşkilatlarla və ayrı-ayrı dövlətlərlə münasibətlərində konstruktiv meyillərin şahidi olduq. Regional dövlətlərlə münasibətlərin yenidən formalaşdırılması, beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən sistemli fəaliyyət, şübhəsiz ki, 44 günlük Vətən müharibəsinin əsasını təşkil edirdi.

Ümummilli Lider Heydər Əliyev həm də Azərbaycanın gələcək fəaliyyət istiqamətini düzgün müəyyənləşdirmişdi. Bu baxımdan, “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyərək Azərbaycan üçün siyasi varis yetişdirdi. Cənab Prezident İlham Əliyevin fəaliyyətinin məhz Ümummilli Lider Heydər Əliyevin ideyaları işığında həyata keçirilməsi Azərbaycan xalqını qalib xalq obrazına yüksəltdi”.

Ş.Həsənova bildirib ki, Cənab Prezident İlham Əliyev 27 sentyabr 2020-ci il tarixinə qədər Azərbaycanın müharibə istəmədiyini, sülh yolu ilə haqqı olan tarixi, əzəli dədə-baba torpaqlarını geri istədiyini aydın və korrekt şəkildə diqqətə çatdırırdı.

“Ermənistan və ona havadarlıq edən qüvvələr zamanında reallığı düzgün dəyərləndirsəydilər, məsələlər tamamilə başqa cür həllini tapardı. Lakin son ana qədər Ermənistan zəhərli düşüncə tərzinin əsirinə və girovuna çevrilərək Qarabağ məsələsini dövlət olaraq mövcudluğu üçün əlində bir kart kimi saxlayırdı.

Artıq Azərbaycan xalqının səbri tükənmişdi və 27 sentyabr tarixində Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan sülhə məcburetmə əməliyyatını həyata keçirməyə məcbur qaldı. 44 günlük Vətən müharibəsinin hər saatı, hər anı xalqımız üçün unudulmaz hadisələrlə yadda qaldı. Şübhəsiz ki, bütün xalq cənab Prezident İlham Əliyevin hər müraciətini səbirsizliklə gözləyirdi. Dövlət başçımızın ritorikasındakı hər bir cümlə və söz bütün nəsillərin nümayəndələri üçün dillər əzbərinə çevrilirdi.

Bu isə birmənalı şəkildə onu göstərirdi ki, bütün xalq cənab Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşmiş, eyni zamanda onun ətrafında ətdən sipər hörmüşdü. Heç bir qüvvə, heç bir kənar müdaxilə Azərbaycan xalqının iradəsinə təsir göstərə bilmirdi”.

“44 günlük Vətən müharibəsindən bəhs etdiyimiz zaman, şübhəsiz ki, Azərbaycan xalqının mətanəti də başa düşülməlidir”, - deyə politoloq fikrinə davam edib:

“Azərbaycan xalqı olduqca möhkəm birlik və həmrəylik nümayiş etdirirdi. Bu istiqamətdə mühüm amillərdən biri də siyasi partiyaların Azərbaycan dövlətinin atdığı addımlara dəstək ifadə etməsi oldu. Bu isə onu sübut edirdi ki, Azərbaycan Prezidentinin qəbul etdiyi qərarlara alternativ yox idi. Çünki söhbət Vətəndən, torpaqdan, doğma yurddan gedirdi.

2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Həmin gecə Azərbaycan xalqının taleyində unudulmaz bir gecəyə çevrildi.

Bütün bunlardan sonra Azərbaycan Lideri beynəlxalq vəziyyəti, siyasi konyukturanı və regional məsələləri son dərəcə düzgün qiymətləndirərək əməkdaşlıq platforması irəli sürdü. Bu istiqamətdə həm regional, həm də beynəlxalq aktorlar həmin əməkdaşlıq platformalarına dəvət edildilər. Lakin təəssüf ki, Azərbaycana qarşı təzyiqlərin və çirkin kampaniyaların ardı-arası kəsilmirdi.

Bütün bu reallıqlar kontekstində cənab Prezident İlham Əliyev yenə də qətiyyətindən və əzmindən dönmədi. Müzəffər Liderimiz 2023-cü ilə doğru gedən yolda möhkəm siyasi zəmin formalaşdırmağı bacardı və 2023-cü ilin sentyabr ayı Azərbaycan xalqının suverenliyinin tam bərpası ilə tarixə qızıl hərflərlə yazıldı.

Bununla da Azərbaycanın güc strukturları, təhlükəsizlik orqanları, dövlət institutları və təsisatları Qarabağda fəaliyyət göstərməyə başlamaqla Azərbaycanın dövlət aparatının Qarabağda yeganə söz sahibi olduğunu sübut etdilər. Şübhəsiz ki, bütün bunların hər biri xalq qarşısında, Vətən və dövlət qarşısında fədakarlığın bariz nümunəsidir. Məhz bu tarixi missiyanın öhdəsindən cənab Prezident İlham Əliyev gəldi. Bu, Ümummilli Liderimiz, Azərbayacn xalqının sərvəti olan Heydər Əliyev ideallarının təntənəsi idi.

Bu gün Azərbaycan yenə də eyni ritorikadan çıxış edir. Bmüharibə istəmirik, sülhdə maraqlıyıq. Sülhdən başqa alternativimiz yoxdur. Amma şübhəsiz ki, Azərbaycanın atdığı addımlar beynəlxalq və regional reallıqlar nəzərə alınaraq atılır. Ordumuzun gücləndirilməsi, cəmiyyətin ideoloji baxımdan sağlam əsaslar üzərində inkişaf etdirilməsi yenə də qarşımızda duran mühüm çağırışlardandır. Azərbaycan bu çağırışlara da zamanında və son dərəcə düzgün cavab verir.

“Böyük Qayıdış Proqramı”nın icra olunması dövlətimizin qarşısında duran ən ali məqsədlərdən biridir. İnsanların öz doğma yurd-yuvalarına köçməsi, dədə-baba ocaqlarında yenidən işıq yandırması dövlətimizin əsas məqsədidir.

Bu istiqamətdə bu gün cəmiyyətimizdən tələb edilən birinci amil həmrəyliyimizin və birliyimizin daha da möhkəm qorunub saxlanılmasıdır. Azərbaycana qarşı təhdidlər və təzyiqlər olsa da, ideoloji baxımdan Azərbaycan cəmiyyətini ələ almağa çalışan zəhərli meyillər mövcud olsa da, hər bir vətəndaş və hər bir şəxs bütün bunlara qarşı ayıq-sayıq davranmalıdır.

44 günlük Vətən müharibəsi Azərbaycanın qürur tarixidir. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının ləyaqətli xalq olduğunun təzahürüdür. Bu baxımdan biz hər zaman şəhidlərimizi böyük ehtiramla yad etməli, fəaliyyətimizdə, sözümüzdə, əməlimizdə və ritorikamızda məhz onların Vətən uğrunda canlarını fəda etməsini göz önündə saxlamalıyıq.

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan strategiya cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək və həyata keçirilərək bugünkü Azərbaycan reallığı yarandı”.

Zəfər Günü Azərbaycanın yalnız keçmişinə deyil, gələcəyinə də istiqamət verən tarixi hadisədir. Bu qələbə ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə yanaşı, milli birliyin, dövlətçilik iradəsinin və xalqın öz torpaqlarına qayıdış əzminin təcəssümünə çevrildi. Bu gün əsas məqsəd əldə olunan tarixi nailiyyətləri qorumaq, azad edilmiş ərazilərdə həyatın davamlı bərpasını təmin etmək və sülh şəraitində inkişaf edən Azərbaycan quruculuğunu davam etdirməkdir.

Paylaş:
122

Son xəbərlər

Bütün xəbərlər