COP31 çərçivəsində qlobal mina probleminə diqqət: Qarabağ Dirçəliş Fondundan mina terroruna qarşı mühüm təşəbbüs | 1news.az | Xəbərlər
Siyasət

COP31 çərçivəsində qlobal mina probleminə diqqət: Qarabağ Dirçəliş Fondundan mina terroruna qarşı mühüm təşəbbüs

1news Redaksiyası15:08 - Bu gün
COP31 çərçivəsində qlobal mina probleminə diqqət: Qarabağ Dirçəliş Fondundan mina terroruna qarşı mühüm təşəbbüs

Dünyanın diqqət mərkəzində olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflərinin 31-ci Konfransı (COP31) çərçivəsində Qarabağ Dirçəliş Fondu beynəlxalq ictimaiyyətin diqqətini ekologiya üçün başlıca təhdidlərdən biri olan mina probleminə yönəldir. Qlobal iqlim dəyişikliyi və ətraf mühitin mühafizəsi məsələlərinin müzakirə olunduğu bu mötəbər platformada QDF bütün dünyada təhdidə çevrilən, insan həyatı üçün ağır təhlükə yaratmaqla yanaşı, bərpa quruculuq prosesinə də ciddi maneə olan mina problemini bir daha diqqət mərkəzinə gətirir.

COP31 iqlim konfransı çərçivəsində Qarabağ Dirçəliş Fondu Azərbaycan pavilyonunda QDF-in sifarişi ilə “Beach House Pictures” şirkətinin çəkdiyi “Ölümcül Miras” sənədli filminin nümayişinə hazırlaşır.

Nümayiş QDF və COP29 üzrə BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarainin birgə təşkilatçılığı ilə keçiriləcək.

Film Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünyada mina terroruna son qoyulması və humanitar minatəmizləmə təşəbbüsünün BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədinə daxil edilməsi üzrə beynəlxalq səylərini, işğaldan azad edilmiş ərazilərdəki mina probleminin miqyasını və təhlükənin fəsadlarını faktlarla işıqlandırır. Çəkilişləri Azərbaycanla yanaşı, Bosniya və Herseqovina, Kolumbiya və Laosda aparılan ekran əsəri yerli və beynəlxalq ekspertlərin, rəsmi şəxslərin müsahibələri, eləcə də mina terrorundan zərər çəkmiş şəxslərin hekayələri əsasında hazırlanıb.

“Bu filmin məhz COP31 çərçivəsində təqdim olunması xüsusi əhəmiyyətə malikdir. Belə ki, minalar təkcə humanitar və təhlükəsizlik problemi deyil, həm də ətraf mühit üçün dərin ekoloji fəlakətdir. Onlar torpağı, bitki örtüyünü və su mənbələrini onilliklər boyu təsərrüfat dövriyyəsindən çıxarır, ekosistemə sağalmaz yaralar vurur. Torpağın biomüxtəlifliyinin bərpası, genişmiqyaslı yaşıllaşdırma layihələri və "yaşıl enerji"yə keçid prosesinin uğurlu olması birbaşa həmin torpaqların minalardan təmizlənməsindən asılıdır. Məhz buna görə də minatəmizləmə fəaliyyəti iqlim gündəliyinin ayrılmaz hissəsidir” - deyə, Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırova bildirib. O qeyd edib ki, bu film dörd fərqli ölkənin bir ortaq problemini – mina terrorunun təbiətə vurduğu ağır zərbələri bütün bəşəriyyətin diqqətinə çatdırır. Bu qlobal ekoloji təhdidi məhz COP31 platformasında səsləndirmək mina probleminin beynəlxalq iqlim müzakirələrinin mərkəzinə gətirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır.

Fondun nümayəndə heyəti dünyanın müxtəlif ölkələrindən gələn konfrans iştirakçılarına “Ölümcül Miras” sənədli filmi haqqında məlumatların əks olunduğu xüsusi bukletlər təqdim edirlər. Həmin bukletlər vasitəsilə iştirakçılar sözügedən ekran əsəri və onun əhatə etdiyi qlobal problem barədə hərtərəfli məlumat əldə etməklə yanaşı, xüsusi QR kodla qeydiyyatdan keçərək nümayişdə iştirak edə bilərlər.

Paylaş:
86

Son xəbərlər

Bütün xəbərlər