BDYPİ-dən sürücülərə xəbərdarlıq: texniki nasaz avtomobillə yola çıxmayın

Astara rayonunda mikroavtobusun aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində iki sərnişin xəsarət alıb.
1news.az xəbər verir ki, hadisə bu gün saat 09:45 radələrində rayonun Deqədi kəndi ərazisində qeydə alınıb.
Belə ki, Telman Xudaquliyevin idarə etdiyi "Mercedes" markalı mikroavtobus Deqədi-Kijəbə-Astara marşrutu üzrə hərəkətdə olarkən təkərin partlaması nəticəsində idarəetmədən çıxaraq yol kənarına aşıb.
Hadisə zamanı mikroavtobusda olan 14 sərnişindən ikisi – Əsmət İbayeva və Elşən Həkimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) oxşar halların dəfələrlə ağır yol-nəqliyyat hadisələrinə səbəb olduğunu diqqətə çatdıraraq sürücülərə xəbərdarlıq edib.
İdarə xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxsləri nəqliyyat vasitələrinin texniki sazlığına mütəmadi nəzarət etməyə, reysqabağı texniki müayinələri təmin etməyə çağırıb.
Həmçinin texniki nasazlığı olan və təhlükəsizlik baxımından normativ tələblərə cavab verməyən nəqliyyat vasitələri ilə yola çıxmamağın vacibliyi vurğulanıb.












