Azərbaycanda muzdla çalışan işçilərin sayı 1,79 milyona çatıb

2026-cı il oktyabrın 1-nə Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 790,8 min nəfər təşkil edib.
1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.
Qeyd olunub ki, muzdla çalışanların 836,8 min nəfəri dövlət, 954 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla çalışan işçilərin 18,7 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 17,6 faizi təhsil, 13,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9 faizi tikinti, 6,1 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat sahələrində məşğul olub.
Bundan başqa, işçilərin 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4 faizi peşə, elmi və texniki fəaliyyət, 2,5 faizi maliyyə və sığorta fəaliyyəti, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrinin payına düşüb. Muzdla çalışanların 15 faizi isə iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərib.
Eyni zamanda, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 172,7 manat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artıb.











