“Şərurlu İsfəndiyar” tələbələrə nə öyrədə bilər? AzMİU-dan məsələyə AÇIQLAMA

Son günlər sosial şəbəkələrin gündəmini zəbt edən mövzulardan biri də “Şərurlu İsfəndiyar” ləqəbi ilə tanınan iş adamı İsfəndiyar Axundovun Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri ilə görüşü olub.
1news.az xəbər verir ki, “Şərur” MTK-nın rəhbəri ilə tələbələrin görüşü sosial mediada geniş müzakirələrə yol açıb. Tədbirdə İsfəndiyar Axundovla yanaşı, universitetin müəllim heyətinin nümayəndələri – professor Zakir Musayev, dosent Mansur Zərbəliyev və assistent Rahilə Mehtiyeva da iştirak ediblər. Görüş zamanı tikinti sektoru, peşəkar təcrübə və əmək bazarının tələbləri ətrafında müzakirələr aparılıb.
Təbii ki, sahibkarların universitetlərə dəvət olunması, tələbələrlə öz təcrübələrini bölüşməsi özlüyündə qəbahət deyil. Əksinə, nəzəri biliklərin praktiki təcrübə ilə tamamlanması ali təhsilin vacib komponentlərindən biridir. Lakin bu görüş ətrafında yaranan əsas sual tədbirin keçirilməsindən daha çox, onun mahiyyəti ilə bağlıdır: İsfəndiyar Axundov gələcəyin memar və inşaat mühəndislərinə konkret olaraq nə öyrədə bilər?
Görəsən, onun tələbələrlə bölüşəcəyi hansı peşəkar biliklər var ki, bunu illərini elmi fəaliyyətə, araşdırmalara və pedaqoji təcrübəyə həsr etmiş universitet müəllimləri auditoriyada verə bilmirlər?
Məsələ burasındadır ki, İsfəndiyar Axundovun son dövrlərdə səsləndirdiyi fikirlər də bu görüşün ətrafında yaranan sualları daha da aktuallaşdırır. O, çıxışlarından birində alimləri öz işləri üçün çalışdırdığını, özünün ali təhsilli olmamasına baxmayaraq, təhsilli insanları maddi imkanları hesabına işə cəlb etdiyini vurğulamışdı.
Əlbəttə, insanın ali təhsil almaması onun həyatda uğur qazanmasına maneə deyil. Sahibkarlıq fəaliyyəti, şəxsi təcrübə və biznes qurmaq bacarığı da müəyyən mənada öyrənilməsi mümkün olan sahələrdir. Lakin burada incə bir məqam var: təhsilin əhəmiyyətini qəbul etmək başqa, təhsilli insanları özündən aşağı mövqedə görərək onların biliklərini sadəcə pulla əldə edilən xidmət kimi təqdim etmək tamam başqa məsələdir.
Burada daha bir paradoks diqqət çəkir. İllərlə təhsil alan, elmi dərəcələr qazanan, universitetlərdə dərs deyən mütəxəssislərin yetişdirdiyi tələbələrin qarşısına çıxmaq üçün bu dəfə auditoriyaya elmi fəaliyyəti ilə deyil, daha çox sosial şəbəkələrdəki açıqlamaları və mübahisəli fikirləri ilə tanınan bir sahibkar dəvət olunur. Belə olan halda istər-istəməz sual yaranır: universitetlər tələbələrə nümunə göstərərkən hansı meyarları əsas götürürlər - peşəkar səriştəni, elmi biliyi, yoxsa ictimai populyarlığı?
Çünki universitetin divarları arasında pulun gücü haqqında danışmaq olar, amma pulun biliyi əvəz etdiyi fikrini təbliğ etmək olmaz. İsfəndiyar Axundovun biznes təcrübəsi tələbələr üçün maraqlı ola bilər. Ancaq universitetin ona ehtiyacı varsa, bu, universitetin öz müəllimlərinin verə bilmədiyi biliklərin nədən ibarət olduğunu da izah etməlidir. Yoxsa sabah tələbələr auditoriyadan belə bir qənaətlə çıxarlar: diplomu almaq üçün illərlə oxumağa, biliyə yiyələnməyə nə ehtiyac var, əsas odur ki, gələcəkdə alimləri işə götürəcək qədər pulun olsun.
Məsələ ilə bağlı Azərbaycan Memarlıq və İnşaat Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsindən açıqlama verilib. Açıqlamada bildirilib ki, sözügedən görüş Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilməyib, universitet tərəfindən təşkil olunmayıb və tədris prosesi çərçivəsində baş tutmayıb:
“Son günlər bir sıra media resurslarında və sosial şəbəkə platformalarında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bir neçə tələbəsinin iş adamı İsfəndiyar Axundovla görüşünə dair müxtəlif məlumatlar yayılır. Bəzi paylaşımlarda sözügedən görüşün universitet tərəfindən təşkil edildiyi, hətta tədris prosesinin tərkib hissəsi olduğu barədə həqiqəti əks etdirməyən iddialar irəli sürülür.
Bununla əlaqədar olaraq bildiririk ki, sözügedən görüş Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilməyib, universitet tərəfindən təşkil olunmayıb və tədris prosesi çərçivəsində baş tutmayıb.
Görüş bir neçə tələbənin şəxsi təşəbbüsü və istəyi əsasında, onların müstəqil müraciətindən sonra iş adamının öz iş yerində baş tutub. Universitet rəhbərliyinin, eləcə də digər struktur bölmələrinin bu görüşün təşkili və keçirilməsi ilə heç bir əlaqəsi olmayıb”.
Bundan əlavə, Universitetin təşkilatçısı və iştirakçısı olmadığı bir görüşə görə ali təhsil müəssisəsinin ictimai qınaq obyektinə çevrilməsi cəhdlərini qətiyyətlə qəbul etmədiklərini qeyd ediblər:
“Xüsusilə vurğulayırıq ki, tələbələrin şəxsi təşəbbüsləri əsasında, universitetdən kənarda həyata keçirdikləri görüş və fəaliyyətlərin ali təhsil müəssisəsinin rəsmi mövqeyi, təşəbbüsü və ya tədris fəaliyyəti kimi təqdim olunması yolverilməzdir.
Təəssüf ki, bəzi paylaşımlarda görüşün mahiyyəti və iştirakçıları ilə bağlı səsləndirilən tənqidi fikirlər heç bir əsas olmadan universitetə də şamil edilir, bununla da ictimaiyyətdə AzMİU haqqında yanlış təsəvvür formalaşdırılır.
Universitetin təşkilatçısı və iştirakçısı olmadığı bir görüşə görə ali təhsil müəssisəsinin ictimai qınaq obyektinə çevrilməsi cəhdlərini qətiyyətlə qəbul etmirik.
Azərbaycan Memarlıq və İnşaat Universiteti olaraq media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini məlumatları yayarkən faktları dəqiqləşdirməyə, şəxsi təşəbbüslərlə həyata keçirilən fəaliyyətləri universitetin rəsmi fəaliyyəti ilə eyniləşdirməməyə çağırırıq.
Bir daha bəyan edirik ki, sözügedən görüşün Azərbaycan Memarlıq və İnşaat Universitetinin təşkilati, akademik və inzibati fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur”.














