Babək Hüseynov: SOCAR 40%-dən yüksək neftvermə əmsalına nail olmağı hədəfləyir

“Azəri-Çıraq-Günəşli (AÇG) yatağında yekun neftvermə əmsalının 40 faizdən çox olacağı gözlənilir”.
1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Babək Hüseynov deyib.
O bildirib ki, AÇG yatağı indiyədək milyonlarla barel neft hasil edilməsi ilə yanaşı, hələ də hasil olunmalı milyardlarla barel neft ehtiyatına malikdir. Yataq öz miqyasına, keçiriciliyinə, məsaməliliyinə və digər geoloji göstəricilərinə görə dünyanın ən qabaqcıl neft aktivlərindən biridir.
SOCAR vitse-prezidenti qeyd edib ki, yataq artıq hasilatın pik həddinə çatıb və hazırda təbii tənəzzül mərhələsini yaşayır. Belə bir şəraitdə əsas məqsəd mövcud aktivdən maksimum dəyər əldə etmək və onun hasilat potensialından mümkün qədər səmərəli istifadə etməkdir.
B.Hüseynovun sözlərinə görə, SOCAR bu məqsədlə yatağın gələcək hasilat potensialının qiymətləndirilməsi prosesində operator BP ilə birgə işləmək qərarına gəlib. Tərəflər arasında əsas müzakirə mövzularından biri AÇG üzrə yekun neftvermə əmsalının müəyyənləşdirilməsi olub.
O vurğulayıb ki, aparılan birgə qiymətləndirmələr nəticəsində yatağın yekun neftvermə əmsalının 40 faizdən yüksək ola biləcəyi qənaətinə gəlinib. Bu göstəricinin müəyyənləşdirilməsində neftin keyfiyyəti, yatağın xüsusiyyətləri və mövcud infrastruktur nəzərə alınıb.
SOCAR rəsmisi bildirib ki, 40 faizdən yüksək yekun neftvermə əmsalı dünya neft sənayesi üçün də olduqca yüksək göstəricilərdən hesab olunur.
Onun sözlərinə görə, bu potensialın reallaşdırılması üçün yataqda genişmiqyaslı seysmik tədqiqatlar və digər texniki işlər aparılır. SOCAR-ın yanaşması BP-dən layihənin iqtisadi məhdudiyyətlərə əsaslanan deyil, ilk növbədə texniki baxımdan mümkün olan bütün variantlarının qiymətləndirilməsini tələb etmək olub.
B.Hüseynov qeyd edib ki, SOCAR da prosesə özünün müstəqil texniki qiymətləndirməsi ilə qoşulub. Nəticədə AÇG yatağının yenilənməsi istiqamətində SOCAR və BP-nin birgə texniki baxışına əsaslanan yanaşma formalaşdırılıb.
O əlavə edib ki, məqsəd Azərbaycanın ən mühüm neft aktivlərindən biri olan AÇG-nin real potensialını tam müəyyənləşdirmək, texniki imkanları vahid layihə çərçivəsində birləşdirmək və yatağın gələcək hasilat imkanlarını maksimum dərəcədə reallaşdırmaqdır.











