Microsoft-un xidmətlərində qlobal nasazlıq: 74 ölkədə milyonlarla istifadəçi təsirlənib

"Microsoft" şirkətinin "Outlook", "Teams" və süni intellekt əsaslı "Copilot" köməkçisi də daxil olmaqla bir sıra xidmətlərində baş verən genişmiqyaslı nasazlıq dünya üzrə milyonlarla istifadəçinin işinə mane olub.
1news.az xəbər verir ki, əvvəlki gün başlayan problem ABŞ-dən Asiya-Sakit okean regionunadək yayılıb.
Şirkətin açıqlamasına görə, bəzi serverlərin gözlənilmədən sıradan çıxması digər serverlərin üzərinə düşən yükün artmasına səbəb olub. "Microsoft" təsirlənmiş serverləri yenidən işə salmaq və istifadəçi trafikini digər serverlərə yönləndirmək üçün tədbirlər görüb. Lakin müdaxilələr gözlənilən nəticəni verməyib.
Şirkət yalnız məhdud irəliləyiş əldə olunduğunu bildirsə də, xidmətlərin nə vaxt tam bərpa ediləcəyinə dair konkret vaxt açıqlamayıb.
Nasazlıq nəticəsində istifadəçilər elektron poçt hesablarına və "Microsoft"un onlayn xidmətlərinə daxil olmaqda çətinlik çəkiblər. ABŞ, Avstraliya, Yaponiya və Yeni Zelandiya da daxil olmaqla, ümumilikdə 74 ölkədə xidmətlərdə fasilələr qeydə alınıb.
Dövlət qurumları və böyük şirkətlər də təsirlənib
Nasazlıq bir sıra dövlət qurumlarının və beynəlxalq şirkətlərin fəaliyyətinə də təsir göstərib.
Təsirlənən qurumlar arasında Avstraliyanın kəşfiyyat orqanı və Federal Polisi, eləcə də ABŞ Nümayəndələr Palatası yer alıb. Yeni Zelandiya Xarici İşlər Nazirliyi xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin elektron poçt xidmətlərində problemlər yarandığını açıqlayıb.
“OpenAI” və “Anthropic” şirkətləri də Microsoft-un infrastrukturu ilə əlaqəli bağlantılarda çətinliklərlə üzləşdiklərini bildiriblər.
Hindistanda “IndiGo” və “Akasa Air” aviaşirkətlərinin elektron poçt vasitəsilə göstərilən dəstək xidmətlərində, Tayvanda isə bəzi maliyyə qurumlarının əməliyyatlarında fasilələr yaranıb.
Kiberhücum əlamətləri aşkarlanmayıb
Microsoft nasazlığın arxasında hər hansı zərərli kiberfəaliyyətin dayandığına dair sübut olmadığını bildirib.
Şirkət problemin yaranma səbəblərini araşdırdığını, gələcəkdə oxşar halların qarşısını almaq üçün mümkün tədbirləri qiymətləndirdiyini açıqlayıb.
Ekspertlərin qiymətləndirmələrinə görə, xidmətlərdə yaranan bu cür fasilələrin iqtisadi zərəri 7 milyard dolları ötə bilər.
Qeyd edək ki, cari ilin yanvar ayında da "Microsoft 365" xidmətlərində genişmiqyaslı nasazlıq baş vermişdi.











