Zelenskidən ərazi məsələsində qəti mövqe: “Ukrayna ərazilərindən imtina etməyəcək” | 1news.az | Xəbərlər
Dünya

Zelenskidən ərazi məsələsində qəti mövqe: “Ukrayna ərazilərindən imtina etməyəcək”

Qafar Ağayev17:41 - Bu gün
Zelenskidən ərazi məsələsində qəti mövqe: “Ukrayna ərazilərindən imtina etməyəcək”

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin ərazi bütövlüyü məsələsində güzəştə getməyəcəyini və işğal altındakı ərazilərin Rusiyaya verilməsini qəbul etməyəcəyini bildirib.

1news.az xəbər verir ki, Zelenski yerli və xarici jurnalistlərlə görüşündə Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində aparılan danışıqlar, mümkün sülh razılaşması və ölkəsinin təhlükəsizlik təminatları ilə bağlı məsələlərə münasibət bildirib.

O xatırladıb ki, müharibənin başa çatdırılması məqsədilə ötən günlərdə ABŞ, Rusiya və Ukraynanın iştirakı ilə üçtərəfli danışıqlar keçirilib. Zelenskinin sözlərinə görə, gələcək müzakirələrdə Avropa ölkələri də iştirak etməlidir. O, Avropanı danışıqlar masasında kimin təmsil edəcəyi ilə bağlı müzakirələrin davam edəcəyini qeyd edib.

Ukrayna lideri bildirib ki, üçtərəfli danışıqlar zamanı Rusiyaya enerji infrastrukturuna hücumların dayandırılması və dənizdə atəşkəs rejiminin tətbiqi təklif olunub. Lakin onun fikrincə, Rusiya Prezidenti Vladimir Putin şəxsən atəşkəsin tərəfdarı deyil.

Zelenski Ukraynanın ərazi bütövlüyü məsələsinin də danışıqların gündəliyində olduğunu vurğulayıb. O, ölkəsinin heç bir ərazisindən imtina etməyəcəyini bildirib:

"Dəfələrlə demişəm ki, Ukrayna geri çəkilmir və öz torpaqlarını terrorçulara təhvil vermir. Amerikalılar bizdən soruşdular: 'Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxacaqmı?' Bu, ilk dəfə idi ki, belə bir sual verilirdi".

Prezident ərazi məsələsi ilə bağlı qərarların Ukrayna xalqının mövqeyi nəzərə alınmaqla verilməli olduğunu deyib. O bildirib ki, belə bir təklif irəli sürüləcəyi təqdirdə dövlət başçısı kimi cəmiyyətlə açıq dialoq aparacaq və mövcud vəziyyəti, müttəfiqlərin mövqeyini xalqa izah edəcək.

Bununla yanaşı, Zelenski işğal altındakı ərazilərin Rusiyaya məxsusluğunun heç bir halda tanınmayacağını xüsusi vurğulayıb.

Ukrayna lideri ölkə Konstitusiyasında neytral statusun təsbit edilməsini də qəbul etmədiyini bildirib. Onun sözlərinə görə, belə bir status Ukraynaya uzunmüddətli təhlükəsizlik zəmanəti verməyəcək.

"Əgər Putin Ukraynanın neytral statusunun daimi olacağını düşünürsə, bu, baş verməyəcək. Nəticə etibarilə, biz onsuz da NATO-nun üzvü deyilik. Əgər neytrallıq ümumilikdə NATO-ya üzv olmamağı nəzərdə tutursa, biz onsuz da bu vəziyyətdəyik. Bəs bu, uzunmüddətli təhlükəsizliyimiz üçün nəyi dəyişəcək?" – deyə Zelenski bildirib.

O, həmçinin Rusiyanın Donetsk vilayətində yerləşən Konstantinovka şəhərində humanitar yardım əməliyyatının həyata keçirilməsi bəhanəsi ilə müvəqqəti atəşkəs istəyinə münasibət bildirib.

Zelenskinin sözlərinə görə, Moskvanın bu təklifi şəhəri başqa yolla ələ keçirə bilməməsi ilə bağlıdır:

"Bu, tamamilə primitiv bir gedişdir. Çünki şəhəri başqa cür ələ keçirə bilmir. Putin sadəcə bizim Konstantinovkanı tərk etməyimizi, onların isə şəhərə daxil olaraq onu tamamilə işğal etmələrini istəyir".

Paylaş:
43

Son xəbərlər

Bütün xəbərlər