Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

1news Redaksiyası17:59 - Bu gün
Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

Oğuz rayonunun Xaçmaz kəndində Vətən Müharibəsi Qəhrəmanı, şəhid Nail İbrahimlinin anım günü keçirilib

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Xaçmaz kənd Şəhidlər xiyabanında şəhidin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.

Oğuz Rayon İcra Hakimiyyətinin, YAP Oğuz rayon təşkilatının, şəhidin ailə üzvləri, şəhid ailələri, müəllim və şagirdlərin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən şəhidin atası Nəriman İbrahimov mərasim iştirakçılarına minnətdarlığını bildirib. Şəhidin anası Aqibət İbrahimova oğlunun uşaqlıq və gənclik illərindən, müharibədə göstərdiyi qəhrəmanlıqdan danışıb, tədbirin təşkilatçılarına ailəsi adından təşəkkürünü bildirib.

Oğuz Rayon İcra Hakimiyyəti başçısının müavini Aliyə Osmanova 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərin əhəmiyyətindən danışaraq şəhidlərin xatirəsinin bundan sonra da daim uca tutulacağını qeyd edib.

YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov çıxışında Azərbaycan xalqının qəhrəmanlıq tarixindən, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən və dövlət suverenliyimizin bərpasından bəhs edib.

Tədbirdə məktəblilərin ifasında şəhid Nail İbrahimlinin həyat və döyüş yoluna həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim edilib.

Anım tədbirindən sonra Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdül-Qədirov, YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri şəhidin ailəsini ziyarət ediblər. Görüş zamanı ailə üzvlərinə ehtiram və dəstək ifadə olunub, şəhid ailələrinə göstərilən dövlət qayğısının daim diqqət mərkəzində olduğu vurğulanıb. O da diqqətə çatdırılıb ki, Nail İbrahimlinin qəhrəmanlıq yolu gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir. Şəhidimizin əziz xatirəsi daim ehtiramla yad ediləcək.

Paylaş:
53

Son xəbərlər

Bütün xəbərlər