Müxalifətdə təmsil olunan Aviqdor Liberman İsrail parlamentinin komissiya sədri təyin edilib | 1news.az | Xəbərlər
Dünya

Müxalifətdə təmsil olunan Aviqdor Liberman İsrail parlamentinin komissiya sədri təyin edilib

Qafar Ağayev14:44 - Bu gün
Müxalifətdə təmsil olunan Aviqdor Liberman İsrail parlamentinin komissiya sədri təyin edilib

İsrail müxalifətində təmsil olunan “Bizim Evimiz İsrail” Partiyasının lideri, keçmiş müdafiə naziri Aviqdor Liberman parlamentin Xarici İşlər və Təhlükəsizlik Komissiyasının sədri təyin edilib.

1news.az xəbər verir ki, bu barədə İsrailin “Yedioth Ahronoth” qəzeti məlumat yayıb.

Bildirilib ki, parlamentin Tənzimləmə Komitəsi Libermanın təyinatını təsdiqləyib. Komitə, həmçinin parlament sədrinin doqquz müvəqqəti müavininin seçilməsi məsələsinə baxıb. Müavinlər arasında Raam Partiyasının nümayəndəsi və “Ortaq Siyahı”dan Əhməd Tibi də olacaq.

Liberman təhlükəsizlik rəhbərlərini təcili toplantıya çağıracaq

Təyinatdan sonra Liberman Baş Qərargah rəisi, Mossad və Şin Bet rəhbərləri, eləcə də polis rəisinin iştirakı ilə təcili iclas keçirəcəyini açıqlayıb.

O, seçkilərə xarici müdaxilə ilə bağlı təhlükəsizlik qurumları arasında ciddi fikir ayrılıqlarının olduğunu bildirib.

“Seçkilərə xarici müdaxilə məsələsində Şin Betlə polis arasında məntiqsiz və ağlasığmaz boşluqlar var”, - deyə Liberman vurğulayıb.

Kəşfiyyat üzrə alt komissiya yaradılacaq

Liberman kəşfiyyat məsələləri üzrə alt komissiyanın, həmçinin müdafiə büdcəsi ilə bağlı birgə komissiyanın yaradılmasını təklif edib. O, məcburi hərbi xidmət haqqında qanunun da ordunun razılığı ilə ədalətli şəkildə hazırlanacağını bildirib.

Qeyd edək ki, oktyabrın 27-də keçirilən seçkilərdə Binyamin Netanyahunun bloku parlamentdə 53, yəhudi müxalifət partiyaları 48, ərəb partiyaları isə 19 mandat qazanıb.

İsraildə hökumətin formalaşdırılması üçün 120 yerlik parlamentdə ən azı 61 deputatın dəstəyi tələb olunur. Yəhudi və ərəb müxalifət partiyalarının ümumilikdə 67 mandatı var.

Paylaş:
45

Son xəbərlər

Bütün xəbərlər