Qara dənizdə batan gəmidə 4 azərbaycanlı olub

Bolqarıstan sahillərində batan yük gəmisindəki 4 azərbaycanlı helikopterlə xilas edilib.
1news.az xəbər verir ki, Somali bayrağı altında üzən “BETUL 8” adlı yük gəmisi Qara dənizdə, Bolqarıstanın müstəsna iqtisadi zonasında partlayış nəticəsində batıb.
Rumıniyadan Misirə buğda daşıyan gəmidə 8 Türkiyə və 4 Azərbaycan vətəndaşından ibarət 12 nəfərlik heyət olub. Türkiyə və Bolqarıstan rəsmilərinin koordinasiyalı fəaliyyəti nəticəsində heyət üzvləri helikopterlə xilas ediliblər.
Bolqarıstan Nəqliyyat Nazirliyinin məlumatına görə, gəmidən təcili yardım siqnalı daxil olduqdan sonra bölgədə axtarış-xilasetmə əməliyyatlarına başlanılıb. Əraziyə Qara Dəniz Mina Əleyhinə Tədbirlər üzrə İşçi Qrupundan (MCM Black Sea) dörd hərbi gəmi, iki “Cougar” tipli helikopter və Bolqarıstan Hərbi Hava Qüvvələrinə məxsus “Su-25” qırıcı təyyarəsi göndərilib.
Gəminin hansı səbəbdən batdığı hələlik məlum deyil. Hadisənin pilotsuz uçuş aparatının hücumu nəticəsində baş verib-vermədiyi araşdırılır.
Qeyd edək ki, son həftələrdə Bolqarıstan və Rumıniya sahillərində gəmilərə qarşı bir sıra dron hücumları qeydə alınıb. Həmin hadisələrin bəziləri insan tələfatı ilə nəticələnib.










