Media və Yayım Şurası: Din xadimlərinə dövlət qulluğuna qəbulda yeni məhdudiyyət tətbiq edilməyib | 1news.az | Xəbərlər
Cəmiyyət

Media və Yayım Şurası: Din xadimlərinə dövlət qulluğuna qəbulda yeni məhdudiyyət tətbiq edilməyib

Qafar Ağayev13:49 - Bu gün
Media və Yayım Şurası: Din xadimlərinə dövlət qulluğuna qəbulda yeni məhdudiyyət tətbiq edilməyib

Azərbaycan Respublikası Media və Yayım Şurası son günlər bəzi media subyektlərində və sosial şəbəkələrdə Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı guya əvvəllər mövcud olmayan yeni məhdudiyyətin tətbiq edildiyi barədə yayılan məlumatlara münasibət bildirib.

1news.az xəbər verir ki, şuranın açıqlamasında qeyd olunub ki, mövcud qanunvericilik aktları nəzərə alınmadan təqdim edilən bu cür məlumatlar həqiqətə uyğun deyil və ictimai rəyi çaşdıran manipulyasiya nümunəsidir.

Bildirilib ki, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 4-1.3-cü maddəsinə əsasən, din xadimləri dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda, həmin vəzifəni tutduqları müddətdə onların peşəkar dini fəaliyyətinin dayandırılması qanunvericilikdə artıq təsbit olunub.

Qeyd edilib ki, Dövlət Qulluğu Məcəlləsinin 20.2.8-ci maddəsi də məhz qüvvədə olan bu hüquqi normaya əsaslanır və mövcud tələbi sistemləşdirir.

Şuranın açıqlamasında vurğulanıb ki, sözügedən müddəa vətəndaşların dini etiqadına və ya dini təhsilinə deyil, yalnız peşəkar dini fəaliyyətlə məşğul olan şəxslərin statusuna aiddir.

"Bu normanın dini mənsubiyyətə görə məhdudiyyət kimi təqdim edilməsi qanunvericiliyin mahiyyətini təhrif edir və ictimaiyyətdə yanlış təsəvvür formalaşdırır", - deyə açıqlamada bildirilib.

Azərbaycan Respublikası Media və Yayım Şurası media subyektlərini və sosial şəbəkə istifadəçilərini hüquqi aktlarla bağlı məlumat yayarkən rəsmi mənbələrə istinad etməyə çağırıb.

Həmçinin qanunvericilik normalarının əvvəlki hüquqi tənzimləmələrlə müqayisəli şəkildə təhlil edilməsinin və ictimaiyyətə yalnız dəqiq, təsdiqlənmiş informasiyanın təqdim olunmasının vacibliyi vurğulanıb.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər