ru

Cəmiyyət

1 İyun saat 17:15

Nərimanovun heykəlinin götürülməsini niyə tələb edirlər? – TƏHLİL

Nərimanovun heykəlinin götürülməsini niyə tələb edirlər? – TƏHLİL

Zaman-zaman həm mətbuatda, həm də sosial şəbəkələrdə görkəmli dövlət xadimi, publisist, həkim olmuş Nəriman Nərimanovla bağlı müzakirələr aparılır.

Azərbaycan Xalq Cümhuriyyətinin 102-ci ildönümü ərəfəsində bu cür müzakirələr yenidən alovlandı. Bunun səbəbi isə Nərimanova qarşı cəmiyyətdə münasibətin heç də birmənalı olmamasıdır. Belə ki, onu Azərbaycanın görkəmli dövlət xadimi, dövlətimiz üçün müstəsna xidmətləri olmuş görkəmli şəxsiyyət hesab edənlərlə yanaşı, onu AXC-nin devrilməsində günahlandıran, sovet ideologiyasına xidmət edən, hətta Vətən xaini hesab edənlər də az deyil.

Bu yaxınlarda “Yeni Müsavat” qəzetində görkəmli dövlət xadimi Nəriman Nərimanovla bağlı məqalə dərc olunub. “İstiqlal düşməninin alçaq pyedestallı heykəli nə vaxt demontaj olunacaq?” başlıqlı məqalədə Nərimanova qarşı bir sıra ittihamlar səsləndirilir, onun dövlətimiz qarşısındakı xidmətlərindən isə demək olar ki, söz açılmır.

Bakının ən hündür məkanında Nərimanovun heykəlinin ucaldıldığını deyən müəllif vaxtilə şəhəri rus-erməni-gürcü əsilli siyasilərə, hərbçilərə peşkəş edən şəxsin abidəsinin sökülməli olduğunu da qeyd edir.

Nəzərinizə çatdıraq ki, tunc və qranitdən hazırlanan heykəlin 1972-ci ildə təntənəli açılış mərasimi olub. Onun memarı Cəlal Qaryağdı, arxitektorları isə Telman Abdullayev və Yusif Qədimovdur. SSRİ-nin dağılmasından sonra ölkəmizdə Lenin, Kirov, Fioletovun, XI Qızıl Ordunun adına və “26-lar” abidəsi uçurulub dağıdıldı. Lakin kommunizm liderlərindən olan Nərimanovun heykəlinə toxunulmadı. Bu isə ictimaiyyətdə bu günədək mübahisələr doğurur. Bəziləri kommunizm sevgisinin son işartısı hesab edilən heykəlin sökülməsini tələb edir, digərləri isə onun bolşevik lideri olması ilə yanaşı, yazıçı, publisist, həkim, xalqımızın çətin anlarında ona dəstək olan ictimai xadim olduğunu bildirirlər.

Ümummilli lider Heydər Əliyev də N.Nərimanovun abidəsi barədə fikir bildirərkən, abidənin ucaldılmasının heç də asan başa gəlmədiyini qeyd edib. Heydər Əliyev o vaxtlar heykəlin ucaldılması məsələsi ilə bağlı düz iki dəfə Suslov və Brejnevlə görüşüb. Ümummilli liderin də xatırlatdığı kimi, onlar N.Nərimanov haqqında tamamilə fərqli məlumatlara malik olublar. Bütün bunlara baxmayaraq, Heydər Əliyev öz istəyinə nail olub və heykəlin ucaldılmasında bilavasitə əməyi keçib.

Sözügedən məqalədə Nərimanov istiqlaliyyət düşməni kimi qələmə verilir, paytaxtın rayonlarından birinin, parkların, metrostansiyasının onun adını daşımasının qəbuledilməz olduğu qeyd edilir:

“Şəhərin ən iri və mərkəzi rayonlarından biri onun adını daşıyır. Bu rayonda onun adına park da var. Bir vaxtlar kinoteatr da vardı. Paytaxtın mərkəzi və gur metrostansiyalarından biri də onun adınadır. Hər gün minlərlə sərnişin bu istiqlal düşməninin adını eşidir.

Ölkədə elə bir şəhər, qəsəbə yoxdur ki, onun yaxşı küçələrindən biri bu vətən nankorunun, bolşevik tiryəkinə uymuş şəxsin adını daşımasın.

Kitabxanalarda onun yazdığı, 2019-cu ildə dövlət varidatı elan edilmiş siyasi və bədii əsərlər hələ də qalır”.

Qeyd edək ki, qonşu Gürcüstanda da Nərimanovun ünvanına qarşı ciddi ittihamlar səsləndirilməkdədir. Belə ki, mayın 24-də Marneuli və Hucabi (Çamdeliani) yepiskopu Georgi bazar günü ibadəti zamanı Gürcüstanın əsasən azrbaycanlı əhalinin yaşadığı Marneuli şəhərində Nəriman Nərimanovun abidəsinin təmiri məsələsinə toxunub.

“Biz abidənin sökülməsini istəmirik, çünki Azərbaycana aiddir. Fili Maxaradze, Orconikidze də belə satqınlardan olub, biz onların abidələrini sökdük, onlar sovet repressiya maşınının bir hissəsi idilər,  çox adamları güllələmişdilər, repressiyalar etmişdilər. Nəriman Nərimanov da bizim ərazi bütövlüyümüzün pozulmasına böyük töhfə vermiş şəxsdir”, - yepiskop Georgi bildirib.

Qeyd edək ki, abidənin bərpası Marneuli meri Zaur Dargalının təşəbbüsü ilə həyata keçirilib. Onun qərarı birmənalı qarşılanmayıb. Nəriman Nərimanov sovet dövrünün görkəmli azərbaycanlı xadimi, bolşevik və inqilabçı olub. Abidənin dövlət vəsaiti hesabına reabilitasiyası gürcü keşişi qəzəbləndirib.

“Şəhər meri bunu necə özünə rəva görə bilər? Mən tam qətiyyətlə deyirəm, biz adekvat müddət veririk ki, onlar bu sovet simvolunun, bu sovet şəxsiyyətinin abidəsinin qanuna uyğun olaraq sökülməsinə başlasınlar! Mer öz səhvini etiraf etməli və üzr istəməlidir!”- deyə gürcü yepiskop vurğulayıb.

Hüquqşünas Aslan İsmayılov da özünün Facebook səhifəsindən məsələyə münasibət bildirib. O, gürcü yepiskopun Nərimanovla bağlı çağırışını Nərimanovun gürcülərin bədnam niyyətinə imkan verməməsi ilə izah edib.

“Gürcü keşişinin canfəşanlığını başa düşürəm, çünki onlar hələ də N.Nərimanova Zaqatalanın 20-ci əsrin əvvəllərində Gürcüstanın tərkibinə verilməsinin qarşısını almasını bağışlaya bilmirlər” deyən A.İsmayılovun sözlərinə görə, 1920-ci illərdə Nərimanov olmasaydı Qarabağ, Naxçıvan ermənilərə, Zaqatala isə gürcülərə verəcəkdi. Bakının taleyinin də necə olacağını bilmək olmazdı:

“1920-ci ildə Dağlıq Qarabağda ermənilərin keçirdiyi “Qurultay”ın qərarının nəticəsiz qalması məhz N.Nərimanovun əməyidir. 1920-ci il iyulun 10-da N.Nərimanov Moskvaya RK(b)P MK-ya “Dağlıq Qarabağda vəziyyət” haqqında “Müsəlman əhalisi Moskvanın qəflətən köhnə mövqeyə qayıtmasını və ermənipərəst siyasət yürütməyini sovet hökumətinin Azərbaycanın sərhədlərini qorumaq iqtidarında olmaması və xainlik kimi qiymətləndirəcəkdir” məzmunlu teleqram vurur. 1921-ci il iyunun 12-də Ermənistan hökuməti Dağlıq Qarabağın “Ermənistan Sovet Sosialist Respublikasının bir hissəsi” elan edir. 1921-ci ildə bir-birinin ardınca qəbul olunan üç qərardan irəli gələn nəticələri də ancaq N.Nərimanovun siyasətinin uğuru kimi qiymətləndirmək olar. İyunun 26-da isə Azərbaycan Xalq Komissarları Sovetinin qərarı ilə Ermənistanın Dağlıq Qarabağda olan nümayəndəsi Mravyanın fəaliyyəti qadağan olunur.

1921-ci il iyulun 4-5-də RK(b)P MK-nın Qafqaz bürosu N.Nərimanov, S.Orconikidze, S.Kirov, A.Myasnikov, F.Maxaradze, A.Nazaretyan, Y.Fiqatner, İ.Oraxelaşvili və başqaları plenumda Qarabağ məsələni müzakirə edirlər. Müzakirədə RK(b)P MK üzvü Stalin, RK(b)P Qafqaz bürosunun digər üzvləri də iştirak etdilər. N.Nərimanov təkbaşına bunların hamısının qarşısında dayanıb Azərbaycan maraqlarını müdafiə edir. Məhz bu müzakirələrdə N.Nərimanov Stalinin, Orconikidzenin üstünə səsini yüksəldib deyir: “Mən bircə gün də qoymaram Qarabağ erməni tapdağının altında qalsın! Mən Qarabağı bu gecə ya qaytaracağam, ya da başqa cür həll edəcəyəm!”.

Fəaliyyətinin əvvəlindən Nərimanovun Azərbaycan xalqının milli dəyərlərini ön plana çəkdiyini deyən A.İsmayılov qeyd edib ki, Nərimanovun hökumətin başçısı vəzifəsindəki fəaliyyəti bolşevik hakimiyyəti şəraitində Azərbaycanı bir sıra bəlalardan qoruyub, adamların şüurunda sovet dövründə milli inkişafın mümkünlüyünü bərqərar edib:

“Onu demək kifayətdir ki, “Nərimanovçuluq” uzun müddət sovet rəsmi dairələrində “millətçilik” kimi qəbul olunduğu halda, xalqımız üçün sovet sistemi şəraitində milli mənliyin, milli adət-ənənələrin və mənəvi dəyərlərin qorunmasının əsas qaynağı idi. N.Nərimanov ağır bolşevik sistemi şəraitində də Azərbaycanın ərazi bütövlüyünü qorumağa çalışıb və çətin olsa da buna nail olub”. 

Göründüyü kimi, Nərimanova qarşı münasibət birmənalı deyil. Onunla bağlı deyilənlərin nə dərəcədə həqiqət olduğunu bilmək üçün Nərimanovu yaxından tanımaqda, onun həyat və fəaliyyətinə nəzər salmaqda fayda var.

Sovet partiya və dövlət xadimi, publisist, həkim olmuş Nəriman Nərimanov 1870-ci il aprelin 14-də Tiflisdə anadan olub. İbtidai təhsilini Qori seminariyasında alıb, oranı 1890-cı ildə bitirib və Bakıya köçüb. Bakı progimnaziyasında müəllim işləməklə, həmçinin ədəbi fəaliyyətlə məşğul olub – Qoqolun “Müfəttiş” komediyasını Azərbaycan dilinə tərcümə edib və özünün ilk “Nadanlıq” dramını başa çatdırıb. 1894-cü ildə Bakıda ilk dəfə ictimai qiraətxana açıb. Sonra, Nərimanov təhsilini Novorossiysk universitetində davam etdirib, 1902-1905-ci illərdə burada tibb fakültəsində oxuyub. Onun təhsil almasına xeyriyyəçiliyi ilə məşhur olan H.Z. Tağıyev sponsorluq edib.

Nərimanov təhsil illərində siyasətə qoşulur və 1905-ci ildə bolşevik olur. Sonra Həştərxana sürgün edilir. 1913-cü ildə Bakıya qayıdaraq, həkimlik, publisistik və inqilabi fəaliyyətlə məşğul olur. O, 1917 –ci ildə “Hümmət” bolşevik təşkilatına başçılıq edir. Nərimanov 1918-ci ildə Xalq Komissarları Bakı Sovetində şəhər təsərrüfatı üzrə xalq komissarı seçilir. AXC qurulan dövrdə Moskvaya gedir.

28 aprel 1920-cil sovet çevrilişindən sonra, Leninin şəxsi göstərişi ilə Nərimanov Azərbaycanın Müvəqqəti İnqilabı Komitəsinin sədri və Xalq Komissarları Sovetinin sədri təyin olunur. Həyat yoldaşı Gülsüm xanımla və oğlu yaşyarımlıq Nəcəflə birlikdə, 16 may 1920-ci ildə Bakıya gəlir.

Nərimanov inqilab ideyalarına, kommunist cəmiyyətinin qurulmasının mümkünlüyünə inanırdı. Lakin, amansızcasına səhv etdi. O, bunu başa düşdükdə isə artıq gec idi. A. Mikoyan, L. Mirzoyan, Sarkis və digər “partiya yoldaşlarının” əhatəsində qalmışdı.

Əgər Nərimanov olmasaydı, məlum deyildi ki, Azərbaycan nə qədər ərazi itirə bilərdi. Nə vaxt lazım olurdusa, o Moskvanın göstərişlərinə kəskin və qəti cavab verirdi.

1922-ci ildə SSRİ yarandıqdan sonra Nərimanov SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədrlərindən biri seçilir. O, bu vaxt yazırdı: “...Moskvada yüksək vəzifə vermək görüntüsü ilə çıxarırlar. Və həqiqətən, məni SSRİ MİK Sədri seçirlər. Mirzoyan və Serqo şənlik edirlər: məni çıxardılar və xüsusi heç nə baş vermədi, hətta heç kim Nərimanovun adını çəkməyə cürət etmədi... Belədə bədbəxt Azərbaycan vicdansız fırıldaqçıların əlində oyuncaq olacaqdır...”.

Nərimanov 19 mart 1925-ci ildə vaxtsız, müəmmalı şəraitdə Moskvada vəfat etdi və Qızıl Meydanda Kreml divarları yanında dəfn olundu. O, ölümünə bir az qalmış öz oğlu Nəcəfə yazırdı: “Mənim əziz oğlum Nəcəf. Əgər mənə yaşamaq qismət olsa, onda mən səni elə tərbiyə etməyə çalışacağam ki, insanlığa xeyir gətirəsən. Əgər mənə ölüm qismət olsa, onda mən səndən xahiş edəcəyəm ki, sən insanlara heç olmazsa, mənim, sənin atanın etdiyi qədər edəsən”.

Göründüyü kimi, Nərimanovun xalqımız qarşısında yaxşı xidmətləri də az deyil. Lakin onun sovet hakimiyyətinin Azərbaycana qarşı işğalçılıq və müstəmləkəçilik siyasəti apardığı dövrdə ölkəmizə rəhbərlik etməsi bəs edir ki, bəziləri onun ünvanına kəskin iradlar səsləndirsin, hətta Vətən xaini adlandırsın. Onlar nədənsə Nərimanovla bağlı ancaq mənfi fikirlər söyləyirlər, onun xalqımız qarşısında etdiyi xidmətləri isə unudurlar.

Nəzərə almaq lazımdır ki, Nərimanov Azərbaycanın maraqlarını müdafiə etdiyi üçün hakim dairələrdə özünə çoxlu düşmənlər qazanmışdı və bəlkə də onun müəmmalı ölümü məhz bununla əsaslandırılmalıdır. Aydın məsələdir ki, Nərimanov olmasaydı başqa bir şəxs, böyük ehtimalla başqa millətdən olan birisi Azərbaycana rəhbərlik edəcəkdi. Əgər həmin şəxs Azərbaycanın qatı düşməni olan bir şəxs olsaydı kim bilir Azərbaycanın taleyi necə olacaqdı. Bəlkə də Qarabağ artıq Ermənistanın bir hissəsinə çevrilmişdi. Ola bilsin Nərimanov fəaliyyəti, Azərbaycana rəhbərliyi dövründə ciddi səhvlərə, yanlışlıqlara yol versin. Lakin onun xalqımız üçün etdiyi yaxşılıqlar da unudulmamalıdır.

1news.az

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur