Avstraliya hökuməti Dağlıq Qarabağın işğalına son qoyulmasına çağırır | 1news.az | Xəbərlər
Siyasət

Avstraliya hökuməti Dağlıq Qarabağın işğalına son qoyulmasına çağırır

10:04 - 01 / 12 / 2015
Avstraliya hökuməti Dağlıq Qarabağın işğalına son qoyulmasına çağırır

Biz Ermənistan və Azərbaycan hökumətlərini bir araya gələrək, münaqişəyə və Dağlıq Qarabağın işğalına sülh yolu ilə son qoymağa çağırırıq.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbər görə, bu sözləri Avstraliya xarici işlər naziri Culia Bişop parlamentin üzvü, Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Luke Simpkinsin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə hökumətin mövqeyi ilə əlaqədar sualını cavablandırarkən deyib.

Parlamentin noyabrın 30-da keçirilən iclası zamanı L.Simpkins xarici işlər naziri xanım C.Bişopa müraciət edərək deyib ki, Nümayəndələr Palatasına üzv seçildiyi dairədəki Azərbaycan və türk icmalarının üzvləri Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ vilayəti və ona bitişik rayonların işğalına Avstraliya hökumətinin mövqeyini müəyyənləşdirməyi xahiş ediblər. L.Simpkins nazir C.Bişopdan həmin məsələyə Avstraliya hökumətinin mövqeyini açıqlamasını xahiş edib.

Sualı cavablandıran xanım C.Bişop əvvəlcə L.Simpkinsə deputat seçildiyi ərazidəki etnik qruplara göstərdiyi ardıcıl dəstəyə görə minnətdarlığını bildirib. Sonra vurğulayıb ki, Avstraliya hökuməti bütün dünyada suveren ölkələrin ərazilərinin qeyri-qanuni işğalını mühakimə etmək siyasətinə sadiqdir. Buna nümunə olaraq, Rusiya tərəfindən Ukraynanın suverenliyinin pozulması və Krımın işğalını göstərmək olar. Tamamilə buna uyğun olaraq, Avstraliya hökuməti Azərbaycanın suverenliyini tanıyır. Dağlıq Qarabağı isə müstəqil dövlət kimi tanımır.

Eyni zamanda, Avstraliya hökuməti problemin həlli ilə məşğul olan Rusiya, Fransa və ABŞ-ın həmsədrlik etdiyi və Azərbaycan, Ermənistan, Türkiyə və Belarusun üzvü olduğu Minsk qrupunun fəaliyyətini dəstəkləyir. Bu, bizim ardıcıl mövqeyimizdir və biz Ermənistan və Azərbaycan hökumətlərini bir araya gələrək, münaqişəyə və Dağlıq Qarabağın işğalına sülh yolu ilə son qoymağa çağırırıq.

1news.az

 

Paylaş:
615

Son xəbərlər

Bütün xəbərlər