Balaca şahzadənin Bakı bulvarında sərgüzəşti–FOTO
Keçən həftə sosial şəbəkələrdə Antuan de Sent-Ekzüperinin məşhur povestinin baş qəhrəmanı Balaça şahzadə və tülkünün Bakı bulvarı fonunda çəkilmiş fotoları yayımlanmışdı.
Foto “Balaca Şahzadə” birliyinin rəsmi facebook səhifəsi tərəfindən paylaşılıb, mindən artıq bəyənmə və paylaşım toplayıb.
Şəklin müəllifi italiyalı gənc qız Şarlotta Mangesabdudur. (Charlotte Mangesaindoux)
Məlum olub ki, o Bakıya atasının dəvəti ilə gəlib. Belə ki, qızın atası yaxın illərdə Bakıda iri miqyaslı arxeoloji sərgini təşkil etməyi planlaşdırır.
1news.az –a müsahibəsində Şarlotta balaca şahzadə obrazına bağlı olması , səyahətlərə olan sevgisi və Bakı səfəri ilə bağlı təəssüratlarını bölüşüb.
Şarlotta Nepolda dünyaya gəlsə də, İtaliyanın orta əsr şəhərləri tipli kiçik Urbino şəhərində yaşayır. Qızın atası italiyalı axreoloq, anası isə argentinalı restavratordur.
“Uşaqlıqdan bütün dünyanı gəzmək xoşbəxtliyinə sahib olmuşam. Növbəti səyahətim zamanı həyatımın sevgisi ilə qarşılaşdım”-deyə, Şarlotta bildirib.
“Bakıda ancaq bir həftə qalmağıma baxmayaraq, bu şəhəri çox sevdim! Gördüklərim məni valeh etdi! Bakının belə olacağını heç vaxt düşünməzdim. O, çox sadə, səliqəli, zəngin ənənəyə sahib olmaqla yanaşı, həm də dünyaya və dəyişikliyə açıq şəhərdir”
Şarlottanın sözlərinə görə, o, Bakıda mümkün qədər çox yerləri gəzib. Qeyri-adi memarlıq quruluşuna malik Heydər Əliyev Mərkəzi, həmçinin, şəhərin məşhur memarlıq abidəsi olan Qız qalası, paytaxtın müasir simvolu- Alov Qüllələri (Flame Towers) onu heyran edib.
Bunlardan əlavə Şarlotta Dənizkənarə bulvar, şəhərin parlaq gecə həyatı və “inanılmaz ləzzətə” malik mətbəxini də çox bəyənib.
“Lakin ən çox məni heyrətləndirən insanların dostcanlılığı , mənə və təəssüratlarıma olan xoş marağı idi”-deyə italyan qız qeyd edib.
Dənizkənarı bulvarda fotosunu çəkdiyi balaca şahzadə fiquruna gəlincə, qız qeyd etdi ki, “Balaca Şahzadə” povesti onun ən sevimli əsəridir. Hər dəfə oxuduqca onda nə isə yeni və maraqlı məqamlara rast gəlir.
“Bu kitab məni təəccübləndirməkdə davam edir. Bizim ailədə doğulan bütün uşaqlara bu kitabı bağışlayıram”-gülərək, müsahibimiz söylədi.
Bu fiquru Şarlotta təsadüfən, xəstəxanada könüllü işləyərkən əldə edib. Leykemiyadan əziyyət çəkən balaca qızcığaz bu fiquru Şarlottaya bağışlayıb. O, isə öz növbəsində bundan sonra bütün səfərlərində Balaca Şahzadəni də özü ilə götürəcəyinə söz verib.
“Bu mənim balaca qoruyucu mələyimdir. O mənə uğur gətirir”-Şarlotta deyib.
Qonaq Bakıda olarkən xoş bir hadisə baş verib. Şarlotta Bakıdakı Kukla Teatrına gəldiyi zaman burada təsadüfən “Balaca Şahzadə” tamaşası nümayiş olunurdu.
“Bu xoş təsadüf mənə çox təsir etdi. Düşünürəm ki, bu xüsusi işarədir. Mənə doğru yerdə, doğru zamanda olduğumu göstərir. Mən bu obrazla öz aramda möhkəm əlaqə hiss edirəm. Xarici dildə tamaşanı izləmək isə ikiqat maraqlı idi”.
Bakı bulvarında çəkdiyi balaca şahzadə fotosunun bütün internetdə yayıldığını italiyalı qız vətəninə qayıtdıqdan sonra öyrənib.
Şarlotta Azərbaycana növbəti səfəri zamanı paytaxtdan kənarda olan bölgələrlə tanış olmağı, öz ölkəsinin mədəniyyəti ilə bənzər cəhətlərini gördüyü Azərbaycan xalqının mədəniyyətini daha dərindən öyrənməyi planlaşdırır.
1news.az