McCann Erikson: Bizə qarşı böhtan kampaniyası həyata keçirilir
McCann Erikson şirkəti bəzi KİV-lərin şirkətin işgüzar imici və rəhbəri Gəray Yusifovun adına xələl gətirmək məqsədi ilə yaydığı məlumatlara cavab olaraq bəyanat verib.
Bəyanatda deyilir ki, artıq bir aya yaxındir ki, İsmayıl Səlimov adlı şəxs bəzi informasiya saytlarının dəstəyi ilə McCann Erickson şirkətininə qarşı böhtan kampaniyası keçirir.
“Absurd bəyanatlar verən Səlimov McCann Erickson şirkətini Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi ilə olan münaqişəsinə cəlb etməyə çalışır. Ona aid olan və tərəfindən 700 min dollar həcmində qiymətləndirilən Mediagraf şirkətini guya bizim ələ keçirdiyimiz barədə böhtan xarakterli məlumatlar yayır.
Bəyan edirik ki, nə Q.Yusifov, nə də onun rəhbərlik etdiyi struktur daha əvvəl Mediagraf şirkətinə məxsus olan hər hansı biznes, yaxud reklam inventarına sahib deyil. Biznesin “ələ keçirilməsindən” heç bir söhbət gedə bilməz. Cünki McCann Erickson əvvəllər Mediagraf-a, yaxud onun rəhbərliyinə aid olan heç bir aktivə sahib deyil.
Bir neçə il əvvəl bizə İ.Səlimov tərəfindən şirkətin satışı ilə bağlı təklif gəlsə də, biz şirkətin son illərə aid fəaliyyəti, sifarişçiləri, aktivləri və diğər parametrləri ilə bağlı araşdırma apardıq. Qısa müddət ərzində aydınlaşdırdıq ki, (Azərbaycan reklam bazarı o qədər də böyük deyil) həmin dövr üçün reklam haqqında qanunvericiliyi daim pozduğuna və təqdim olunan hesabların ödənmədiyinə görə reklam daşıyıcılarında reklam yerləşdirməklə bağlı Mediagraf şirkətinin Reklam və İnformasiya Departamenti ilə problemi vardır.
Həmçinin, şirkətin alınması təklifi daxil olduğu dövrdə demək olar ki, şirkətə məxsus bütün reklam daşıyıcıları artıq demontaj olunduğuna görə razılaşma ilə bağlı hər hansı danışıqlar aparmaq mənasız idi. Bu sövdələşmənin qeyri-perspektiv olduğunu nəzərə alaraq məsələnin gələcəkdə hər hansı müzakirəsindən imtina etdik.
Bununla yanaşı bizə məlumdur ki, İsmayıl Səlimov tərəfindən Reklam və İnformasiya Departamentinə qarşı irəli sürülən iddialar məhkəmə instansiyaları tərəfindən rədd edilmişdir.
Görünür ki, məhkəmə instansiyalarında öz məqsədlərinə çata bilməyən Səlimov onun biznesinə heç bir aidiyyatı olmayan insanlara aşkar böhtan atmaq və insanlara qara yaxmaq yolunu tutub.
Bu arada, çox güman ki, öz əhvalatına dramatik fon vermək niyyəti ilə Səlimov bəzi KİV-lərin dəstəyi ilə öz absurd iddialarını MTN ətrafında baş verən hadisələrlə bağlamağa çalışır.
Rəsmi olaraq bəyan edirik ki, Azərbaycanda nəhəng beynəlxalq şirkətin nümayəndəsi olaraq, bu ölkədə 1998-ci ildən fəaliyyət göstərən McCann Erickson şirkətinin heç bir zaman İsmayıl Səlimovun hər hansı məmurla ixtilaflarına aidiyyəti olmayıb. Şirkətimiz Azərbaycanda ilk fəaliyyətindən indiyə qədər vicdanlı vergi ödəyicisi olaraq qanun çərçivəsində reklam bazarının inkişafına daim xidmət edib.
Səlimovun bənayatları heç bir sübutlara söykənməyərək yalnız böhtan xarakteri daşıyır. Azərbaycanda aparıcı KİV-lərlə uzun illər sıx əməkdaşlıq edən şirkət kimi, təəssüf edirik ki, bəzi nəşrlər yalan məlumatlar yaymadan öncə obyektiv jurnalisitikanın tələb etdiyi kimi heç bir araşdırma aparmırlar.
Kütləvi informasiya vasitələrini heç bir sübuta söykənməyən və sifariş xarakterli olması aydın görünən materialları dərc edərkən daha diqqətli olmağa çağırırıq. İqtisadi fəaliyyət subyektləri arasında yaranan istənilən ixtilaf yalan və absurd məlumatları yaymaqla və ya şantaj yolu ilə deyil, hüquq müstəvisində həll edilməlidir.
Xatırlatmaq istəyirik ki, böhtan və şantaj qanuna zidd olan əməllərdir. McCan Erickson şirkəti, şirkətin və onun rəhbərliyinin əleyhinə aparılan böhtan kampaniyasında əli olan bütün şəxslərin məsuliyyətə cəlb edilməsi məqsədi ilə məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.
Azərbaycan dinamik inkişaf edən ölkədir və burada qanunvericilik çərçivəsində biznesin normal inkişafı üçün şərait yaradılıb. Biznes-mühitin və işgüzar fəallığın yaxşılaşdırılması məsələləri dövlət başçısının birbaşa nəzarəti altındadır. Ölkə başcısı sahibkar və investorlara dəstək göstərilməsinin vacibliyini dəfərlərlə vurğulayıb.
Biz böhtan və sifarişli materiallarla işgüzar nüfuza xələl gətirən istənilən cəhdi pisləyir və hesab edirik ki, bu, Azərbaycan Respublikasının inkişaf strategiyasına və onun milli maraqlarına ziddir.